Bakı Ağır Cinayətlər Məhkəməsi dələduzluqda ittiham olunan Bakı şəhər sakini 41 yaşlı İlqar Əliyevin cinayət işinə baxır. Ççoxsaylı dələduzluq işlərinin hakimlərin masası üzərində yığılıb qaldığı indiki zəmanədə İ.Əliyevin qurduğu dələduzluq sxemini doğrudan da analoqu olmayan adlandırmaq olar-o, başqalarının avtomobillərini “hərracdan ucuz qiymətə aldığı” avtomobillər kimi təqdim edərək onları öz qurbanına satacağına inandırıb.
Pravda.az xəbər verir ki, özünü işgüzar şəxs kimi təqdim edən İlqar Əliyev tanışı Sənan Osmanovu inandırıb ki, müxtəlif banklarda kredit ödənişi edilmədiyindən girovda saxlanılan, hərrac vasitəsilə satışı təşkil olunan avtomobilləri bazar qiymətindən aşağı qiymətə alınmasını təşkil edə bilər. Və onu əmin edib ki, həmin avtomobilləri daha sonra bazar qiymətinə satmaqla sanballı gəlir əldə etmək mümkündür. Görünür asan yolla varlanmağa meyl göstərən Sənan Osmanov da bu vədlərə inanıb, nəticədə İlqar Əliyev onun cəmi 169 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib.
“Dedi nə qədər ucuz avtomobil çıxara bilsən hamısını alacam...”
Təqsirləndirilən İlqar Əliyev ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib. Sənan Osmanovu dostu Sahib Quliyevin vasitəsilə tanıdığını, onunla ilk dəfə 2018-ci ildə görüşdüyünü deyir. Bildirir ki, söhbət əsnasında Sənan “Ram servis” MMC-də avtomobillərin icarəsi ilə məşğul olduğunu ona deyib: “Tanışlıq zamanı Sənana əvvəllər hərrac komitəsində işlədiyimi, işdən çıxsam da hərrac yolu ilə avtomobil ala biləcəyimi söylədim. Sənan da “nə qədər ucuz avtomobil çıxara bilsən hamısını alacam” dedi”.
Təqsirləndirilən şəxsin ifadəsinə görə, “Qış parkı”nın dayanacağında banklara məxsus çoxlu sayda avtomobillərin hərraca çıxarılacağını, hər bir avtomobili bazar qiymətindən 40 faiz ucuz qiymətə təşkil edə biləcəyini Sənana deyib.
Başqalarının avtomobilini göstərib və pul alıb
“Bir yerdə avtomobillərə baxmağa getdik. Sənan avtomobillərə baxıb bir neçəsini bəyəndi. Üç ədəd “Toyota Gamry” markalı avtomobilin yaxın günlərdə hərraca çıxarılacağını söylədim. Üç avtomobili ümumilikdə 84 min manata təklif etdim. Razılaşdıq. Dedim ki, avtomobillər hərraca çıxarılanda xəbər edəcəm”,-o bildirir.
Həmin gündən etibarən İlqar Sənanla tez-tez telefon əlaqəsi saxlayıb. Hətta ilkin olaraq Sənandan 10 min dollar, bir həftə sonrasa 37 min dollar alıb: “Sənana zəng vurub dedim ki, mənə 5 min dollar lazımdı. O da göndərdi. Sənandan götürdüyüm pulları özümdə saxlamışdım. Təxminən 20 gün sonra dostlarımla restoranda yemək yeyərkən Sənan yanımıza gəldi, Sahiblə məni otaqdan çölə çağırdı və pullarını tələb etdi. Dedim səbrli ol, bizdən asılı olmayan səbəbdən iş gecikir”.
“Dedim daha sənə borcum qalmayıb, görüşmək istəmirəm...”
İ.Əliyevin dediklərinə inansaq, ertəsi gün 50 min manat tanışı Mustafadan, iki gün sonrasa 26 min manat tanışı Eldənizdən Sənan Osmanova pul göndərib. Həmin şəxslər pulu S.Osmanova çatdırıblar. Bundan sonra S.Osmanovla əlaqə saxlamayıb: “Mustafaya dedim ki, Sənandan ehtiyat edirəm, apar bu pulu ona ver, yerdə qalanını da iki gün sonra göndərəcəyəm”.
Təqsirləndirilən şəxsin ifadəsinə görə, S.Quliyev onun mobil telefonuna zəng vuraraq 100 min manat pul tələb edib. Deyib ki, sənə verdiyim pula görə avtomobil satmışam, faizə pul götürmüşəm: “Dedim sənə borcum qalmayıb, səninlə görüşmək istəmirəm. Ona 5500 manat borcum qalmışdı”.
Zərərçəkmiş İlqar Əliyevə necə ürcah olub?
“Ram servis” MMC-də işləyən zərərçəkmiş Sənan Osmanov isə ifadəsində Sahib Quliyevlə birgə hərbi xidmətdə olduğunu, əsgərlikdən sonra da münasibət saxladıqlarını deyib. Növbəti dəfə 2018-ci ilin yanvarında S.Quliyev ona zəng vuraraq dostu İlqar Əliyevin hərrac komitəsində işlədiyini, satışda sərfəli qiymətə avtomobillərin olduğunu deyib.
Zərərçəkənin ifadəsindən: “Rentakarın balansındakı avtomobillərin sayını çoxaltmaq üçün Sahibin təklifi diqqətimi çəkdi. Dedim ki, İlqarı mənimlə tanış elə. Görüşəndə İlqar dedi ki, hərrac komitəsində işləyir. Komitənin hərracında 300 ədəd müxtəlif markalı avtomobil var, bazar qiymətindən aşağı qiymətə hərrac yolu ilə satılacaq. Avtomobillərin adlarını sadaladı. Dedi ki, hamısı “Qış parkı”nın yeraltı dayanacağındadır. Ertəsi gün həmin yerə getdik. Cərimə meydançasında çoxlu sayda maşın vardı”.