ABŞ Prezidenti Co Bayden tərəfindən tarixi həqiqətlərin təhrif olunması, erməni təbliğat maşının xəstə təfəkkürünün məhsulu olan uydurma "soyqırımı" tanıması həm Türkiyə, həm də Azərbaycan cəmiyyətində böyük təəssüf hissi doğurur və regionda sülhə və sabitliyə böyük zərbədir. Bunu Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
Deputat bildirib ki, Baydendən əvvəl heç bir ABŞ prezidenti həm ikili formatda, həm də NATO çərçivəsində etibarlı müttəfiqi olan Türkiyəyə qarşı belə bir yalnış addım atmamışdılar: "Bu yalışlıq ABŞ-Türkiyə münasibətlərinə çox ciddi təsir göstərəcək. Çünki tarixi hadisələri siyasiləşdirmək qəti qəbulolunmazdır. Türkiyə tərəfindən bu hadisələrin araşdırılması təklif edilsə də özünü dünyada məzlum xalq kimi qələmə verməyə çalışan Ermənistan bu hadisələrin birgə komissiya tərəfindən araşdırılması təklifini qəbul etməyib.
Tarixin saxdalaşdırılması ilə onun siyasi təzyiq məqsədləri üçün istifadə edilməsi qəbuledilməzdir. Bu eyni zamanda Azərbaycan cəmiyyətinə yaxşı tanış olan ikili standartların və qərəzli münasibətin bariz nümunəsidir. Çünki 100 il bundan əvvəl baş vermiş hadisələr yalnış təqdim edildiyi halda 30 il bundan əvvəl Ermənistan tərəfindən Xocalıda azərbaycanlılara qarşı törədilmiş soyqırımı hələdə ABŞ dövlət olaraq tanımayıb və bununla bağlı susqunluq nümayiş etdirir. Digər tərəfdən əgər bu gün 100 il əvvəl baş vermiş hadisələr haqqında araşdırma aparmadan danışırlarsa, onda elə 100 il bundan öncə, 1918-ci ildə azərbaycanlılara qarşı da ermənilər tərəfindən soyqırım törədilib, bəs bu haqda niyə bir söz demirlər. Bu bir daha ikili standartların təzahürüdür".