Məzmuna keç
Pravda.az — xəbər portalı
Cəmiyyət

Afrika təhsilli yeni nazir

1 269
Paylaş:
Afrika təhsilli yeni nazir

Ölkəni koronavirus əsir alan gündən hamının dilinin əzbəri idi Oqtay Şirəliyev. Yoluxma statistikası artırdı, onu qınayırdıq. İnsanlar xəstəlikdən ölürdü, eks naziri suçlu bilirdik. Vəziyyət o həddə çatmışdı ki, evdən çıxma yasağı olan günlərdə belə onun əlindən zəncir çeynəyirdik. Halbuki bütün dünya bizim keçdiyimiz mərhələləri keçir, virusla mübarizədə yeni, fərqli təcrübə modellərinə üz tuturdu.

Təcrübənin biri alınırdı, o biri yox. Sadəcə bizim öz nazirimizə olan aqressiyamız koronavirusa görə deyildi. Əvvəldən yığmışdıq onun əlindən. Bərbad səhiyyə, xəstənin sağ ayağı yerinə sol ayağını kəsən bəzi həkimlər, gözü xəstə yaxınının cibində olan xəstəxana rəhbərlikləri, pul vermədiyi üçün doğuş masasına aparılmayan hamilə qadınlar… Nifrətimiz zatən çox idi, korona da gəlib üstünə gül əkdi.

Sosial şəbəkələrdə bir video dolaşır. Bir həkim yaşlı bir xəstə kişinin qolundan tutub televiziyaya müsahibə verir. Deyir ki, xəstəmiz artıq yaxşılaşıb, evə buraxılacaq. Kişi az qala boğula-boğula etiraz edir ki, yox, mən yaxşı deyiləm. Həkimi gülmək tutur, çəkiliş dayandırılır. Başqa bir yaşlı qadınla bağlı da eyni həkim eyni sözləri deyir. Qadın az qalır yerindəcə boğulsun, deyir, “ölürəm”. Gülürük hər dəfə baxanda, sanki bizə sit-kom seyr etdirirlər. Əslindəsə insan faciəsidi hər biri. Təxminən Mirələmovun videosu kimi – cüvəllağı operator çəkib, lazımsız hesab olunan kadrları isə özündə saxlayıb və sonra yayıb. Həm gülür, həm ağlayırıq…

İllər uzunu dedik ki, bu yaşlı rüşvətxorlar getsinlər, yarıtmırlar, yedikcə yeyirlər, doymaq bilmirlər. Təzələnmə olsun, yenilik gəlsin ölkədəki idarəetməyə. Nə baş verdi? Dar şalvarlı, ayaqqabını corabsız geyinməyi yenilik hesab edən, xaricdə bakalavr-magistratura təhsili almış, espresso makiato içmədən günə başlaya bilməyən ingilisdilli gənclər gəldilər vəzifəyə. Dəyişən heç nə olmadı. Onlar rüşvəti bank hesabına köçürməyi tələb etdilər. Konvertdə yox, köçürmə yolu ilə. Dəyişən sadəcə rüşvətin “qablaşdırma” forması oldu, mahiyyət eyni cür qaldı. Koronalı xəstələrlə vicdansızcasına davranan, xəstəxanaya yerləşdirmək üçün 3-5 min manat rüşvət tələb edənlər də onlar oldu, xəstələrin dərmanına göz dikənlər də. Hansının dosyesinə baxırdın, səsi Amerikadan, İsveçrədən, İngiltərədən gəlirdi… Demək ki, nəymiş? Bir adamın mahiyyətini oksfordlar, kembriclər dəyişdirə bilməz, bilmir. Südlə gələn sümüklə çıxır. Bunun da bir səbəbi var.

Hazırda vəzifədə olan bir çox məmurlar dəblə ayaqlaşaraq öz uşaqlarını xaricdə oxutdurublar. Maraqlanırsan, birinin ayağı burdakı universitetlərə dəyməyib. İldə 40-50 min dollar verib, ən bahalı ali məktəblərdə təhsil alıblar. Bəli, məsələ də budur. O təhsil haqlarını rüşvətxor ataları hansı yolla qazanırsa, o uşağın mahiyyəti də o olur. O, yaşamağın yolunu zatən atasının evində, 18 yaşına qədər öyrənmiş olur. Xaricdəki 4-5 illik təhsil 18 yaşına qədər yediyi çirkli çörəyi bədənindən, ruhundan, beynindən, təfəkküründən, yaşam fəlsəfəsindən heç cür çıxara bilmir. Universitetdəki professor istəyir, boğazını cırıb, ədalətli qazanc, gəlirin deklarasiyası haqda məruzə oxusun, o məmurun rüşvətxor oğlu bilir ki, o, Azərbaycanda professor Smitin dedikləri ilə yaşaya bilməyəcək, dədəsi rüşvətxor "Əhmədin qanunları" burda hökmrandır.

Çünki o, içində yaşadığı imarətə, sürdüyü lüks maşınlara, tətilə getdiyi ölkələrə, taxdığı brend saatların qiymətinə baxıb, başa düşəcək ki, atasının 1500 manatlıq maaşı ilə bu xoşbəxtlik mümkün ola bilməzdi. O, Azərbaycanda xoşbəxtliyin açarını bilir. Atasının hesabına gəldiyi vəzifəsində də elə atasından miras qalan qayda-qanunları həyata keçirir. O, atasının rüşvətlə yoğrulmuş çörəyini yeyib, onun öyüd-nəsihəti ilə böyüyüb. Həmin oğul üçün atası hər nə qədər çirkaba bulaşmış olsa da, idol sayılır. Bəzən aşırı sevgidən, bəzənsə atasının ona yaratdığı səltənətin gözəlliyindən… Elə oğul heç vaxt atasına “sən rüşvətxorsan, bizi çirkli pullarla böyütdün” deyə bilməz, deməz. Atasının üzünə ağ olmaz, onu yarğılamaz, əksinə, bütün yanlışlarına doğru deyib, bağrına basar… Və siz bu oğuldan təmizlik, paklıq, dürüst məmurluq gözləyə bilməzsiz… Bu qədər sadə - iki vur iki…

Bu gün bütün saytlar bu unikal xəbəri paylaşmışdı: Teymur Yusif oğlu Musayev Azərbaycanın səhiyyə nazirinin birinci müavini təyin edilib, dövlət başçısının digər sərəncamı ilə səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti də ona tapşırılıb. Teymur Musayevevin rəsmi tərcümeyi-halındakı ən maraqlı məqam onun ilk dəfə orta məktəbə uzaq Əlcəzair ölkəsində getməsidir. Bu da onun valideyninin keçmiş SSRİ-nin Afrika ölkəsindəki konsulluğunda çalışması ilə bağlı olub. Bəli, nazir müavini elmlə ilk dəfə Afrikada tanış olub. İndi bunu bizə ekzotik xəbər kimi təqdim edirlər, başımıza xeyir. Avropada oxuyanlar özünü doğrultmadı, ümidimiz Afrika təhsilinədir… Di haydı, qəzamız mübarək…

Sevinc Telmanqızı

Musavat.com

Paylaş:

Ən son xəbərlər