2020-ci il fevralın 9-da Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərlə bağlı 90 saylı Ağdaş Seçki Dairəsindən namizədliyi YAP tərəfindən irəli sürülmüş partiyanın Ağdaş rayon təşkilatının sədri Cavid Osmanovun təbliğat-təşviqat kampaniyası çərçivəsində ilk görüş Ağdaş şəhər seçiciləri ilə keçirib.
Pravda.az-ın xəbərinə görə, görüşdə təbliğat-təşviqat qrupunun üzvü, YAP Ağdaş rayon təşkilatı Qadınlar Şurasının sədri Tənzilə Şıxıyeva çıxış edərək qarşıdan gələn parlament seçkiləri haqqında məlumat verib. O, həmçinin seçkilərlə əlaqədar indiyədək həyata keçirilmiş proseslərdən, eləcə də Cavid Osmanovun Milli Məclisin deputatı olduğu ötən dövr ərzində göstərdiyi fəaliyyətdən söz açıb.
C.Osmanov çıxışında Prezident İlham Əliyevin respublikamızda həyata keçirdiyi uğurlu daxili və xarici siyasətdən, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təhsilin, mədəniyyətin, səhiyyənin, idmanın inkişafı, ölkəmizlə bağlı həqiqətlərin dünyada təbliği, xalqımızın maddi-mənəvi dəyərlərinin yenidən dirçəldilməsi, onların qorunub saxlanılması, dünya xalqlarının mədəniyyətlərinə inteqrasiyası istiqamətində gördüyü işlərlərdən danışıb.