"Amerika Beynəlxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən ABŞ-ın çətiri altında olmayan dövlətlərə qarşı həmin ölkələrin ərazisində aktivliyin artırılması göstərişi verilə bilər".
Bunu Pravda.az-a hüquq müdafiəçisi Sahib Məmmədov USAİD-in yeni rəhbərliyi barədə danışarkən deyib.

S.Məmmədovun sözlərinə görə, USAİD-ə təyin olunan yeni rəhbər bir neçə xüsusiyyətlə fərqlənir ki, bunlardan biri də onun anti-türk əhval-ruhiyyədə olmasıdır: "Təbii ki, yeni rəhbərin mövqeyi təşkilatın Azərbaycandakı nümayəndəliyinin də işinə təsir edə bilər. Əlavə olaraq, bu təsir rəhbərin ermənipərəst olub olmamasından asılı olmayaraq, demokratların (indiki Co Bayden hökumətinin) apardığı siyasətlə əlaqədar olaraq da dəyişə bilər".
Hüquq müdafiəçisi əlavə edib ki, USAİD Azərbaycan əleyhinə qlobal layihələrin maliyyələşdirilməsinə dəstək verə bilər: "Bildiyimiz kimi, Amerikada qeyri-kommersiya üzrə həm "yumşaq təsir" təşkilatları, həm də bir sıra sırf radikal qüvvələri maliyyələşdirən təşkilatlar var. Gözlənilən ikinci xətt odur ki, həmin təşkilatlar vasitəsilə bir sıra ölkələrin daxili işlərinə təsir imkanlarını artıra bilərlər. Hər iki məsələdə olduqca diqqətli olmalıyıq. Yeni administrativ rəhbərin anti-türk mövqeyindən əlavə, o Holokost faciəsi ilə bağlı da fikrini bildirir və qondarma “erməni soyqırımı”nı dəstəkləyir. Çox güman ki, bu istiqamətdə də onun yerli ofisə təsiri və tapşırıqları olacaq".
Nəzrin Cavid