“Əlbəttə, heç vaxt qəhrəman şəhidimiz Xudayar Yusifzadənin adını bu mövzu ilə bağlı hallandırmaq istəməzdim, çünki əminəm ki, Vətən Müharibəsi dövrü hamımız onun gülərüzlüyü, vətənpərvərliyi, ifaları ilə ruhlanıb fəxr edirdik. Sonradan vətənpərvərliyin, əxlaqın, tərbiyənin nə olduğunu anlamayan Fuad Rəsulzadə adlı birisinin “Xudayar neçə vaxtdır təzə mahnı buraxmır” lağlağısı hamımız üçün də təhqir idi. Ancaq cəmiyyətin, xüsusən hüquq mühafizə orqanlarının susqunluğu, ortada olan cəzasızlıq mühiti həmin şəxsin döyülməsi ilə nəticələndi. Hüquqşünas olaraq bu addımı təqdir edə bilmərəm. Həm də ona görə təqdir edə bilmərəm ki, bu kimi hərəkətlərin cəmiyyətimizi hansı uçuruma aparacağını da yaxşı bilirəm”.
“Bakı şəhərinin icra başçısı olan şəxs bu tərbiyəsizlərin tapşırığını yerinə yetirirdi və bu gün də yetirir”
Pravda.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov deyib.
“Bununla belə, nə həmin şəxsi döyənləri, nə də Xudayarın anası Radə xanım Yusifzadəni də nəinki tənqid, heç qınaya da bilmirəm. Qınaya bilmirəm ona görə ki, Xudayar haqqında səslənən fikir heç bir əndazəyə sığmırdı. Məhz belə şəxslərə, onların tərbiyəsizliyinə görə 23 apreldə yazmışdım ki, “Bu yaşıma qədər heç vaxt, heç bir yerdə yalanın, şər-böhtanın, həyasızlığın, namussuzluğun bu qədər at oynatdığını görməmişdim”. Cəmiyyətdə olan münasibətlərin bərbad vəziyyətdə olması bu gün ən böyük faciəmizdir və bunun ağır nəticələrini hələ illər sonra daha ağır şəkildə hiss edəcəyik. Bəs bu gün konkret hadisədə kimdir günahkar? Birmənalı şəkildə bildirirəm ki, günahkar ölkədəki idarəçilik sistemi, daha konkret olsaq hüquq- mühafizə orqanlarıdır. Bir neçə dəfə Sizə xatırlatdığım, 2 min il bundan əvvəl qədim yunanların dediyi sözləri bir daha təkrar edirəm: “Dövlət iki halda sarsılar. Cinayət olub cəza olmayanda, bir də günahsıza cəza veriləndə”. Bu gün cinayət törətmək yox, “hüquq-mühafizə orqanlarına müraciət etməli idilər” deyib yaxa cıranların yəqin ki, baş verənlərdən xəbərləri yoxdur. Belələrinə məsləhət bilərdim ki, elə bu günlərdə bir nəfər ədliyyə işçisinin Səbayil rayonunda bir neçə nəfər tərəfindən döyülməsini və heç bir tədbirin görülməməsi ilə bağlı fəryadını dinləsinlər. Yaxud “şəhid anaları mitinqlərdə nə atdırırlar” deyən tərbiyəsizə qarşı hansısa cəzanın verildiyini göstərsinlər. İllərdir ağzından ancaq təhqir, böhtan yağan “balığ”ın bəlkə cəzalandığını görən olub?! Yaxud bu gün həbsdə olan blogerin uzun müddət tərbiyəsizliyinə qarşı hansısa tədbirin görüldüyünü kimsə bilirdi? Əksinə, bu murdarlar ən yüksək səviyyədə qorunurdular. Bakı şəhərinin icra başçısı olan şəxs bu tərbiyəsizlərin tapşırığını yerinə yetirirdi və bu gün də yetirir. Uzağa getmirəm, elə özüm, 3 ildir haqqımda tərbiyəsizlik etmiş, cinayət törətmiş bir neçə nəfərin cəzalandırılmasına heç cür nail ola bilmirəm. Bəli, 3 ildir hər gün bir hüquqşünas kimi öz hüquqlarımı qanun çərçivəsində qorumaq istəyirəm və bu günə heç bir şeyə nail ola bilməmişəm! Bu gün ölkədə cəzasızlıq mühiti hökm sürür. Xüsusilə, bir qrup tərbiyəsizlərin addımbaşı təhqir, söyüş, böhtanları artıq sanki bir dəb şəkili alıb. Bəziləri bu üsuldan tanınmaq üçün istifadə edirlər və nə qədər acınacaqlı olsa da cəza almaq əvəzinə cəmiyyətdə “tanınmışlara” çevriliblər. Bir çoxları da məmnuniyyətlə bu cür tərbiyəsizləri tirajlamaqla özlərinin “qeyri-adi”, “xüsusi istedad”, “qabiliyyət sahibi”, çoxlarından “fərqli düşüncə sahibi” olduqlarını diqqətə çatdırmaq istəyirlər. Bu gün dərhal cinayətkarların həbsini tələb edən “ziyalılar” isə bir dəfə də belə əxlaqsızlara irad bildirməyiblər. Yazılarımda, çıxışlarımda da demişdim ki, bu cür əxlaqsızlıqlar bir gün ölümlərə gətirəcək. Nə isə... Bildiyim odur ki, bu hadisə hakimiyyət rəsmiləri üçün bir siqnal olmalıdır” – A.İsmayılov qeyd edib.