Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətinin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə 2020-ci ildə Respublikanın Hərbi Prokurorluq orqanlarında qeydə alınmış qəsdən adam öldürmə, qəsdən adam öldürməyə cəhd və özünü öldürmə həddinə çatdırma cinayətləri üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyin vəziyyətinin, cinayət hadisələrinin baş verməsinin səbəb və şəraitinin, həmin cinayətlər üzrə istintaq təcrübəsi və məhkəmə nəticələrinin ümumiləşdirilməsinin müzakirəsinə həsr olunmuş kollegiya iclası keçirilib.
Bu barədə Hərbi Prokurorluğundan məlumat verilib.
Əvvəlcə kollegiya iştirakçıları ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz və unudulmaz xatirəsini bir dəqiqəlik sükutla yad edib, qazilərə şəfa diləyiblər.
Kollegiya iclasını açıq elan edən Azərbaycan Respublikası Baş prokurorunun müavini–Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev bildirdi ki, müasir Azərbaycanın qurucusu ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətini dövrün tələblərinə uyğun uğurla davam etdirən möhtərəm Prezident cənab İlham Əliyevin yüksək erudisiyası, müdrik düşüncəsi, mükəmməl siyasi strategiyası, sarsılmaz qətiyyəti və yorulmaz fəaliyyəti ilə xalqın əzmkarlığının vəhdəti sayəsində bütün dünyada baş verən neqativ proseslərə, o cümlədən yer kürəsini bürüyən koronavirus (COVID-19) pandemiyasına və 44 günlük döyüş əməliyyatlarına rəğmən, dövlətimiz hərtərəfli qüdrətlənir və əhalinin rifahının daha da yaxşılaşdırılması prosesinin davamlılığı uğurla təmin edilir. Xanlar Vəliyev Vətən müharibəsindən, qazandığımız möhtəşəm qələbədən bəhs etməklə Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin misilsiz rəşadətindən danışdı. Ədliyyə general-leytenantı Xanlar Vəliyev, həmçinin vurğuladı ki, ölkəmizin hərtərəfli inkişaf edərək daha da qüdrətlənməsində və qazanılan ardıcıl uğurlarda, eləcə də dövlətimizin beynəlxalq əlaqələrinin genişləndirilməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın hərtərəfli fəaliyyəti mühüm əhəmiyyət kəsb etməkdədir.
Bundan sonra məruzəçilər-Hərbi prokurorluqlarda istintaqa nəzarət şöbəsinin rəisi, ədliyyə polkovniki Mehdi Hüseynzadə və İstintaq idarəsinin rəisi, ədliyyə polkovniki Bəhruz Əhmədov kollegiya iclasının həsr olunduğu məsələlər barədə çıxış edərək, bununla bağlı hesabat dövründə görülmüş işlərdən danışıb, sözügedən cinayətlərin qarşısının alınması ilə əlaqədar hərbi prokurorluq orqanlarının və aidiyyəti qurumların qarşısında duran vəzifələrin yerinə yetirilməsi üçün görülməli olan tədbirlər barədə geniş məlumat vermişlər. Məruzələr ətrafında ətraflı fikir mübadiləsi aparılmışdır.