Mərkəzi Seçki Komissiyası (MSK) 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınan Müzadil Həsənovla bağlı qərar verib.
Pravda.az-ın xəbərin görə, M.Həsənov Rusiya vətəndaşı olduğu üçün deputatlığa namizədliyi ləğv edilib.
MSK-nın qərarında deyilir:
38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsi dairə seçki komissiyasının (dairə seçki komissiyası) sədri M.Cəfərov Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına müraciət edərək bildirib ki, 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə həmin seçki dairəsindən qeydə alınmış namizəd Həsənov Müzadil Zaur oğlunun barəsində müvafiq dövlət orqanlarına göndərilmiş sorğulara namizədliyin qeydə alınması haqqında qərarın qəbul edilməsindən sonra alınmış cavablardan məlum olub ki, o, həm də Rusiya Federasiyasının vətəndaşıdır. Bu halda dairə seçki komissiyasının həmin qərarı Azərbaycan Respublikasının Konstitusiyasına və Seçki Məcəlləsinə zidd olduğundan komissiyanın sədri qanunvericiliklə üzərinə düşən vəzifəni yerinə yetirərək dərhal Mərkəzi Seçki Komissiyasına müraciət edib və həmin qərara münasibət bildirməsini xahiş edib. Qeydə alınmış namizəd M.Z.Həsənovun seçki sənədləri tələb olunaraq nəzərdən keçirilərkən müəyyən edilib ki, o, 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsindən namizədliyini öz təşəbbüsü ilə irəli sürməsi barədə bildiriş və öhdəlik ərizəsini 19 dekabr 2019-cu ildə dairə seçki komissiyasına təqdim etmiş, öhdəlik ərizəsində Azərbaycan Respublikasının vətəndaşı olduğunu, seçkilərdə iştirak etmək hüququna malik olduğunu, ikili vətəndaşlığının və başqa ölkələr qarşısında öhdəliklərinin olmadığını öz imzası ilə təsdiq etmişdir. Onun müraciətinə dairə seçki komissiyasının 24 dekabr 2019-cu il tarixli iclasında baxılmış və namizədliyi təsdiq olunmuşdur. 25 dekabr 2019-cu il tarixdə ona imza vərəqələri verilib, o, namizədliyinin müdafiəsi üçün imza vərəqələri və ona əlavə edilmiş digər sənədləri 31 dekabr 2019-cu ildə dairə seçki komissiyasına təqdim edib. Seçki Məcəlləsinin 59.1-ci maddəsinə uyğun olaraq təqdim edilmiş sənədlərdəki məlumatların düzgünlüyünün yoxlanılması məqsədi ilə dairə seçki komissiyasının müvafiq dövlət orqanlarına göndərdiyi sorğular ətraflı yoxlanılmış və müvafiq qaydada cavablandırılıb. Araşdırmaya çox vaxt sərf olunduğu üçün bir sıra dövlət orqanlarının cavab məktubları 2020-ci il yanvarın 9-da dairə seçki komissiyasına daxil olub. Buna görə də sorğunun cavabı namizədliyin qeydə alınması üçün Seçki Məsəlləsi ilə nəzərdə tutulmuş müddətdə daxil olmadığından dairə seçki komissiyası, Mərkəzi Seçki Komissiyası və aşağı seçki komissiyalarının şübhəli hallar iddiaçının xeyrinə həll olunmalıdır – prinsipinə uyğun olaraq, namizədliyi irəli sürülmüş şəxsin hüquqlarını təmin edib və M.Z.Həsənovun namizədliyini Məcəllənin müddətlə bağlı tələblərinə uyğun olaraq 6 yanvar 2020-ci ildə qeydə alaraq ona deputatlığa qeydə alınmış namizəd vəsiqəsi verib. M.Z.Həsənovun namizədliyi qeydə alındıqdan sonra 9 yanvar 2020-ci ildə Gəncə şəhər Baş Polis İdarəsinin Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Moskva şəhəri üzrə Baş İdarəsindən daxil olan məktublar əsasında tərtib olunmuş cavab məktubundan aydın olur ki, 9 aprel 1975-ci ildə Gəncə şəhərində anadan olmuş, Gəncə şəhəri, Nizami rayonu, P.Səmədov küçəsi, dalan 6, ev 11-də daimi qeydiyyatda olan Həsənov Müzadil Zaur oğlu həm də Rusiya Federasiyasının vətəndaşıdır və ona Rusiya Federasiyasının Federal Miqrasiya Xidməti tərəfindən 8 iyul 2011-ci il tarixdə 71 № 5280197 nömrəli xarici pasport və 7 oktyabr 2013-cü il tarixdə 4513 №325003 nömrəli Rusiya Federasiyasının vətəndaşı pasportu verilmişdir. Bununla da Azərbaycan Respublikasının vətəndaşı olan M.Z.Həsənovun həm də Rusiya Federasiyasının vətəndaşı olması faktı aşkar edilib.