Rusiyanın tanınmış siyasətçisi, yazıçı-publisist, 1990-cı ildə SSRİ-nin rəhbəri Mixial Qorbaçovun humanitar və ictimai məsələlər üzrə köməkçisi olmuş Georgi Pryaxinin müsahibəsi
Qeyd: Georgi Vladimiroviç Pryaxin. Rusiyanın tanınmış siyasətçisi, yazıçı-publisisti və naşiridir. SSRİ Dövlət Teleradiosunun baş direktorunun müavini, 1988-90-cı illərdə Mərkəzi Komitənin şöbə müdirinin müavini, daha sonra isə SSRİ-nin rəhbəri Qorbaçovun köməkçisi vəzifəsində çalışıb. Hazırda "Xudojestvennaya literatura" nəşriyyatına rəhbərlik edir.
- Georgi Vladimiroviç, bu il SSRİ rəhbərliyinin Bakıda törətdiyi, bəşəriyyətə ləkə olan 20 yanvar faciəsindən 30 il keçir. Siz həmin dövrdə Mərkəzi Komitədə mühüm vəzifələrdən birini tutmusunuz, Qorbaçovun daim təmasda olduğu insanlardan olmusunuz. Necə xatırlayırsınız həmin günləri?
- Bakıya qoşun yeridilməsi ilə bağlı qərar çox çətinliklə verilmişdi. Çünki bu, çox ağrılı qərar idi. Bu qərar verilmədən öncə Qorbaçov ətrafından Bakıdakı vəziyyəti öyrənmək üçün ən liberal olan Yevgeni Primakovu seçmişdi. Primakov o zamanlar siyasi ulduz idi. Qorbaçovun onu seçməkdə məqsədi vardı. Çünki Primakov Bakıda böyümüşdü. Azərbaycanı yaxşı tanıyırdı. Azərbaycanda da Primakovu yaxşı tanıyırdılar. O, Bakıda olanda mən daim onunla təmasda idim. Tez-tez telefonla danışırdıq. Bilirsiniz, SSRİ rəhbərliyi Bakıya qoşun yeridəndə bunun qırğınlarla nəticələnəcəyini yaxşı bilirdi. Çünki qoşun yeridilməsinin nəticəsi başqa cür ola da bilməzdi. Qoşun yeridilməsi haqqında qərarı çox gizli saxlayırdılar. Amma mən bu gizliliyi pozmuşdum. Çünki Bakıda yaxın dostum, o zaman Azərbaycan Respublikasının Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin sədri Arif Mansurov yaşayırdı. Yanvarın 19-da ona zəng elədim, dedim ki, bu gecə nə özü, nə də ailə üzvləri çölə çıxmasın, evdə otursunlar. Səbəbini açıqlaya bilməyəcəyimi Arif Mansurova dedim. Ona zəng edəndə Bakıya qoşun yeridilməsinə saatlar qalmışdı. Lakin Arif mənim dediklərimin əksini etmişdi. Oğlunu da götürüb əlində videokamera şəhərə çıxmışdı. Baş verən hadisələri, SSRİ hərbçilərinin görüntülərini kameraya çəkmişdilər. Mən bütün bu proseslərin canlı şahidi olmuşam. Bakıya qoşun yeridilməsi haqqında qərar birdən verilməmişdi. Bəzən Qorbaçovun bu qərarı verməsi haqqında danışarkən onun ətrafında olan erməniləri göstərirlər. Bəli, həmin dövrdə Qorbaçovun ətrafında Georgi Şahnazarov vardı. Təəssüflər olsun ki, həmin dövrdə artıq SSRİ ərazisində milli zəmində münaqişələr baş qaldırmışdı. Lakin Moskva böyük enerji resursları olan Azərbaycanı itirmək istəmirdi. O vaxtkı SSRİ rəhbərliyinin ən böyük səhvlərindən biri, məhz Heydər Əliyevin vəzifədən uzaqlaşdırılması idi. Mən Heydər Əliyevi çox yaxından tanıyırdım. Qorbaçov Heydər Əliyevi istefaya göndərməklə böyük səhvə yol vermişdi. Bunu sonrakı hadisələr də göstərmiş oldu.
"İlk gülləni ermənilər atmışdı, azərbaycanlı gənc qızı güllələmişdilər"
- Mərkəzi Komitədə, SSRİ rəhbərliyinin yuxarı eşelonunda Ermənistanla Azərbaycan arasında qızışdırılan milli zəmində münaqişəyə münasibət necə idi? Hansı tərəfi daha çox günahlandırırdılar?
- Mən Azərbaycanla Ermənistan arasında münaqişənin başlanmasının ilk şahidlərindənəm. Yadımdadır, dekabrın 8-də səhər Spitakda zəlzələ ilə bağlı Ermənistana getmişdim. İlk gülləni Ermənistan tərəfinin atması... Yadımdadır, azərbaycanlı gənc qızı güllələmişdilər. Bunu hamı bilirdi. Bu hadisə SSRİ rəhbərliyinə də məlum idi. Bakıya qoşun yeridilməsi haqqında qərar SSRİ rəhbərliyinin ən yuxarılarında verilmişdi və bu qərar kollegial şəkildə qəbul olunmuşdu. Həmin vaxt mən "Staraya Ploşad"da (Kremlin Administrasiyası, Mərkəzi Komitənin yerləşdiyi məkan - F.Ə.) idim. Bütün gecəni işdə oldum. Həmin gecə mənim üçün bütün mənalarda çox ağrılı idi. Çünki günahsız insanların qurban veriləcəyinə əmindim. Onların arasında Bakıdakı dostlarım da ola bilərdi.
"40 minə yaxın azərbaycanlı Moskva küçələrində etiraz edirdi"