Ölkədə keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı fevralın 17-dən deputatlığa namizədlərin təbliğat-təşviqat kampaniyasına start verilib.
Namizədlərin təbliğat vasitələrində diqqət çəkən məqamlardan biri də geyim və duruşları ilə bağlıdır.
Qəribədir ki, əksəriyyət eyni formada şəkil çəkdirir. Ya pencəyi çıxarıb əllərinə alır, ya çiyinlərinə salır, əlləri sinədə, ya da portret şəkilləri.
Çox az sayda deputatllığa namizəd fərqlilik nümayiş etdirir. Sanki kimsə fərqli əl işarəsi, yaxud da geyimdə fərqli təbliğat vasitəsinə qoşulsa, səs toplaya bilməz.
Maraqlıdır, əslində deputatlığa namizədlərin stili necə olmalıdır? Nədən yeni üslubda şəkillər yoxdur?
Stilist Pərviz Musayev Modern.az-a açıqlamasında bildirib ki, belə məqamda rəsmi geyim önəmlidir:
Seçki şou deyil...
“Milli Məclisə seçkilər şou yarışı deyil. Burada ciddi rəqabət gedir. Ona görə də deputatlığa namizədlər, deputat olmaq istəyənlər rəsmi geyimdə seçicilərin qarşısına çıxmalıdırlar. Çünki deputatlar həmişə rəsmi geyimdə olur. İdman geyimində xalqın qarşısına çıxa bilməz. Deputatlığa namizəd olan şəxslər ola bilsin ki, gündəlik həyatda idman stilində gəzsin, ancaq seçicilərin qarşısında təbliğat apararkən ciddi görkəmdə olmalıdır.
Çünki deputat olmaq istəyənlər xalqın qarşısına iş görmək üçün çıxırlar, idman etmək üçün yox. Ancaq adi paltar geyinmək olar. Ona görə də rəsmi və ciddi geyim çox önəmlidir. Hesab edirəm ki, burada qeyri-adi heç nə yoxdur”.