Ötən ilin Ramazan ayının və indiki Ramazan ayının ömrümüzdə ayrı özəlliyi var. Dünya insanı virusa qarşı dirənişini davam etdirdiyi bir dövrdə oruc tutmaq hər birimizə verilən ayrıca şansdır. Sadəcə, virusa yoluxmaq səbəbilə Ramazan orucunu tuta bilməyən insanları göz önünə gətirərsəniz, öz durumuzu daha aydın şükranlıqla dəyərləndirə bilərsiniz. Pandemiya əslində hər bir insanın həyatına bir məhdudiyyət gətirdi və düşünən qafalar gözünün önündə, xəstəxana otaqlarında, virtual məkandan aldığı məlumatlardan tanınmış və tanınmamış, yaxın və ya uzaq olan insanların ölüm xəbərlərini eşitdikcə öz yaşamının mahiyyətini bir daha gözdən keçirməyə başladı. Pandemiya əslində bizlərin Ramazanda dəyişdiyimiz həyat tərzinin Allahın kitabına istinad edilməyən forması kimi də anlaşıla bilər. Kitabda farz olaraq göstərilməsə də, bir dəhşətli virus dalğasının dünyanı iflic etməsi heç şübhəsiz Allahın iradəsi ilə gerçəkləşirdi və bəlkə də insanoğlunu öz yaradılış statusu barədə yenidən düşünməyə bir çağırış idi. Bu çağırışa hamı eyni həssaslıqla cavab verə bildimi? İnsanlar özlərini dəyişə bildimi? Hansı inanclının ağlına gələrdi ki, namazdan öncə əlini, üzünü iylənməsi belə haram kimi qəbul olunan spirtlə masaj edəcək? Hansı inanclının ağlına gələrdi ki, bir ildən artıq məscidə ayaq basa bilməyəcək, Cümə namazlarında digər din qardaşları ilə çiyin-çiyinə kollektiv həmrəylikdən məhrum olacaqdır? Yaxud da Həcc ziyarətinin yasaqlanması düşünülə bilərdimi? Acı həqiqətdir ki, bunların hamısı baş verdi. Ancaq bu baş verənlər həm də bizlərə xatlrlatdı ki, ibadətlərin istənilən forması Allah tərəfindən ona görə farz qılınıb ki, yekun olaraq sözün bütöv anlamında bir insan yetişsin! Məhz Allahın istədiyi İnsan! Demək ki, ibadət formallığının ortadan qalxdığı bir mühitdə hədəf dəyişməmiş və insan bir sıra ibadət formalarından uzaq durmağa məcbur olsa da, hədəfi gerçəkləşdirməkdən uzaq dura bilməmişdir. Son iki ilin Ramazanında da bu hədəfin düşünənlər tərəfindən daha doğru anlaşıldığını görməkdəyik. Bizim topluma əsrlərdir Allahın dini ilə insanların ənənəvi din kültürü arasında elə bir ziddiyyətli tərəddüd miras qalmış ki, öz anlayışlarımızı yenidən gözdən keçirmək cəsarətini hələ də əldə edə bilməmişik. Əsasən cahil və qatil istehsal edən ənənəvi din kültürümüz aqil və adil istehsal edən Allahın dininə qalib gəlməyə davam edir. Bizim tarixi dəyişdirmək lüksumuz yox. Milli kimliyimizdən uzaqlaşmaq şansımız yox. Dinimizi heç dəyişdirmək imkanımız yox. Ancaq özümüzü dəyişdirmək, anlayışlarımızı yeniləşdirmək qabiliyyətini Allah bizdən əsirgəməmiş. Əvəzində biz nə etmişik? Özümüzü dəyişdirə bilmədiyimizə görə, anlayışlarımızı yeniləşdirə bilmədiyimizə görə tarix yaşantımızı da, milli kimliyimizi də, dinimizi də təhrif etməyə ömrümüzü sərf etmişik. Tariximiz, milli kimliyimiz, dinimiz müasir dövrdə bizim yeniləşməmiz, istehsalçı cəmiyyətə çevrilməmiz üçün bir əngəl olaraq qalmaqdadır. Biz istehlakçı, kopyaçı toplum olaraq varlığımızı tanıda bilmişik, təməl olaraq Qərb mədəniyyətinin bizə bəxş etdiyi dəyərlər üzərindən boy göstərməyə davam edirik. Halbuki ənənvi din kültüründən Allahın dininə keçid edə bilsəydik, elm, fəlsəfə yoxsulluğundan həzz alan milli kimliyimizi, istehlakçı tariximizi sağlam düşüncəylə təftiş edə bilsəydik daha sabit təməl üzərində boy göstərən bir cəmiyyət kimi qəbul olunardıq. Bu Ramazana da bu baxış bucağından baxmaq doğru olmazdımı? Bayramı da, fitrəni də, ayın görünüb-görünməməsini də müzakirədən çıxarıb sadəcə bir suala cavab axtarmağa yönəlməliydik: Bu Ramazan bizdə nəyi dəyişdi, yaxud da biz Allahın bizi yönəltmək istədiyi hədəfi, yəni xeyirli insan olmaq hədəfini anladıqmı? Bu hədəfə az da olsa yaxınlaşa bildikmi?Anladıqmı ki, dindarlıq hələ insanlıq deyil. Anladıqmı ki, insanlığımız dindarlığımızdan ucada dayanmadıqca, bu din, bu İslam bizi tərəqqiyə, bizi aydınlığa daşımayacaqdır? Bizim ömrümüzdən neçə belə Ramazanlar keçib və keçəcək. Bəs biz bu Ramazandan ac-susuz olaraq keçdiyimizdən başqa Axirətə hazırlaşan dünya insanı kimi keçə bildikmi? Biz yemək iftarından başqa elm iftarını, düşüncə iftarını aça bildikmi? Bayramın sualları bunlar olacaqsa, təbrik etməyə əsas olacaq! "Xeyirli Ramazanlar!" diləyinin açması xeyirli insan yetişməsinə vəsilə olan Ramazanlar deməkdir.
Deputat: “Yemək iftarından başqa elm iftarını, düşüncə iftarını aça bildikmi?”
Fazil Mustafa
Milli Məclisin deputatı