Yanvar ayının 22-də seçkiqabağı təşviqat kampaniyası çərçivəsində 35 saylı Xətai üçüncü seçki dairəsindən millət vəkilliyinə namizəd Rauf Arifoğlu Mehmandarov küçəsində sakinlərlə görüş keçirib.
Görüşdə Rauf Arifoğlu hər kəsi seçki prosesində iştirak etməyə çağırdı. O, bildirdi ki, bəlkə də ötən illərin təcrübəsi ilə seçkidən küsmüsünüz. Ancaq hər şeyi dəyişmək üçün seçkiyə qatılmaq önəmlidir.
R.Arifoğlu qeyd etdi ki, seçki prosesi başlayandan etibarən bölgəni araşdırıb, öyrənib və dəqiq rəqəmlərlə hər bir problemi bilir: "Mətbuat bir güzgüdür və biz bu güzgünü bir aydır ki, 35 saylı Xətai üçüncü seçki dairəsinə salmışıq. Yazdığımız məsələlərə dövlət operativ reaksiya verir. Bölgədən onlarla reportaj hazırlamışıq, problemləri deyən siz olmusunuz. Son 5 ildə görülən işlərdən daha çox işlər gördürməyə nail olmuşuq. Bilirik ki, abad həyətə ehtiyacınız var, çənlər götürülüb, ancaq su daimi gəlmir. Bloklarda, zirzəmilərdə, dam örtüklərində problem var. Marşrut xətləri yetərli deyil".
Deputatlığa namizəd bildirib ki, əhalinin yaşadığı bütün çətinlikləri əhatə edən platforma hazırlanıb: "Bunu Milli Məclisdə də qaldıracağıq. Seçki platformamızın müəlliflərindən biri sabiq maliyyə naziri Saleh Məmmədovdur. Sizi əmin edirəm ki, 5 ildən sonra vəziyyət tam dəyişəcək. 5 ildən sonra biz daha böyük məsələlərdən - işsizlikdən, Qarabağ məsələsindən danışaq. Ərazidə problemlər həddən artıq çoxdur. Bu, bir deputatın imkanları xaricindədir. Ancaq mən seçkidən sonra da mütəmadi sizinlə görüşlərdə olacağam. Təklif və şikayətlərinizi dinləyəcək, mətbuat olaraq işıqlandıracağıq".
R.Arifoğlunun vəkili, professor Saleh Məmmədov da seçki platformasında qaldırılan məsələləri açıqlayıb, xalqı Rauf Arifoğluna səs verməyə çağırıb.