Xəbər verildiyi kimi, Milli Məclis sədrinin müavini Adil Əliyev və deputat İltizam Yusifov IX Neva Beynəlxalq Ekoloji Konqresində iştirak etmək üçün mayın 26-dan 30-dək Rusiyanın Sankt-Peterburq şəhərində səfərdədirlər.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, səfər çərçivəsində mayın 27-də Milli Məclis sədrinin müavini ölkəmizin Sankt-Peterburqdakı konsulluğunda olub, burada 28 May – Respublika Gününə həsr edilmiş tədbirdə çıxış edib.
Adil Əliyev bildirib ki, 1918-1920-ci illərdə cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində qadınlara seçki hüququ verən ilk demokratik dövlət olub. Cümhuriyyətin yaradılması və fəaliyyəti Azərbaycan xalqının azadlıq arzularının təcəssümü idi.
Həmin dövrdə Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti bütün fəaliyyəti boyunca bir sıra yüksək səviyyəli qanunvericilik aktları və qərarlar qəbul edərək Azərbaycan xalqının parlament mədəniyyəti tarixində dərin və zəngin iz buraxıb.
Bu gün ölkəmiz xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycanın inkişafına verdiyi nəhəng töhfələr, habelə Prezident İlham Əliyevin müdrik siyasəti və uzaqgörənliyi sayəsində dünya arenasında nüfuzu ildən-ilə artan sosial-iqtisadi, elmi texniki və mədəni inkişaf yolu ilə inamla irəliləyən uğurlu, inkişaf etmiş bir dövlətə çevrilib.