9 fevral 2020-ci il tarixində keçiriləcək parlament seçkilərində ən səs-küylü dairələrdən biri olan 8-ci Binəqədi birinci seçki dairəsində mübarizə qızışır. Yanvarın 22-si İbrahimov Ağasif Şakir oğlunun seçki qərargahı fəaliyyətə başladı.
Pravda.az-ın xəbərinə görə, açılışda seçki qərargahına dəvət edilən Binəqədi sakinləri tədbirdən yüksək təəssüratla ayrıldılar.
Tədbir dəvət edilən qonaqların çıxışları, Ağasif Şakiroğlunun üzərinə götürdüyü məsuliyyətin açıqlanması və sakinlərin namizədə çoxsaylı sualları ilə həyəcanlı ovqat aldı.
Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılı çıxış nitqi ilə tədbiri açıq elan etdi: “Yenilik istəyiriksə, dinamizm arzulayırıqsa, tərəqqi sevdalısıyıqsa, gəncləri seçməliyik. Bunu edən cəmiyyətlər udub, bu halın yaşandığı dövlətlər qazanıb. Ağasif Şakiroğlunu 15 ilə yaxındı tanıyıram. Onun öz seçicilərinə fayda verəcəyinə əminəm”. Daha sonra Ramin Hacılı sözü namizədə verdi. Ağasif Şakiroğlunun çıxışı böyük çoşğu və maraqla qarşılandı:
“Sizə bərli-bəzəkli sözlər deməyəcəm, “məni seçin” də deməyəcəm. Sizdən bu ölkənin övladı kimi xahişim var: Seçkiyə gedin, “hökumət seçkini saxtalaşdırır” deyib kənarda qalmayın. Qoy saxtalaşdırsın, yüz dəfə seçki keçirilsə, siz də yüz dəfə yenə gedin, imkan verməyin sizə aid bülleten vərəqinə yerinizə istədikləri namizədin adını yazsınlar. Biz mübarizə aparırıq, çalışırıq, yenilmirik. Bu işdə vətəndaşlarımızın köməyinə, məsuliyyətinə ehtiyacımız var. Ölkəsindəki proseslərə qarışmayan cəmiyyətdə birtərəfli idarəçilik formalaşır. Və əlbəttə bu halda o idarəçilik siyasətə qarışmayan vətəndaşın maraqlarını nəzərə almır. Biz dirəniş göstərmədikdə bizə dirəniş göstərirlər, yerimizə qərarlar verirlər və çox vaxt bu qərarların bizə, vətənimizə faydası olmur”.
Növbəti çıxışı tədbirin qonağı, ötən seçkidə bu dairədən namizəd olmuş yazıçı Aysel Əlizadə etdi. A.Əlizadə seçiciləri diqqətli olmağa səslədi: “Seçkidə o zaman saxtakarlığa rahat şərait yaranır ki, seçici səsverməyə getmir və getməyən seçicinin bülleteni boş qalır. Seçkiyə gedin, kimə səs verirsiz verin, amma özünüz edin”.
Aysel Əlizadə həmçinin niyə Ağasif Şakiroğlunu dəstəkləmək qərarına gəldiyini ətraflı şəkildə izah edib: