Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov ölkə gündəmilə bağlı sualları cavablandırıb. Onunla müsahibəni təqdim edirik:
- Vahid müəllim, 31 maydan etibarən Azərbaycanda sərt karantin rejiminin yumşaldılmasına start verilib. Bunun iqtisadi fəallığa təsirlərilə bağlı fikirləriniz maraqlıdır.
- Çox şükür, metronun açılması ilə insanlar normal şəkildə işə gedib-gəlir. Düzdür, şəhərdə bəzi yolların bağlı olması müəyyən çətinliklər yaradır, amma bu da müvəqqətidir. Yumşaldılmalarla pandmeiya zamanı müəyyən sahələrdə yaranmış problemlər, bəzi insanların əməkhaqlarındakı narazılıqlar öz həllini tapacaq. Təsərrüfat, istehsal sahələrindəki fəaliyyət davamlı olacaq. Təbii ki, bu da Azərbaycan iqtisadiyyatına öz müsbət təsirlərini göstərəcək. Amma biz qəti şəkildə arxayınlaşmamalıyıq. Çünki dünyadakı pandemiya, lənətə gəlmiş virus hələ tam lokallaşdırılmayıb. Ona görə də gigiyenik qaydalara, təmizliyə, qapalı məkanlarda tibbi maskadan istifadəyə diqqət etməliyik. Bəzi xarici ölkələrdə yoluxma sayında artımlar müşahidə olunur. Sevindiricidir ki, bizdə kifayət qədər azalma var, amma dediyim kimi, bu, bizi arxayın salmamalıdır. Pandemiya dövründə Azərbaycan sərt, qapalı dövlət də olmadı, müəyyən qadağalarla vəziyyət nəzarət altına alına bildi və hazırda müsbət dinamika davam edir. Bunun davamlı və dayanıqlı olması üçün hamımız səy göstərməliyik.
- İqtisadi fəallıqdan söz düşmüşkən, xoşumuza gəlsə də, gəlməsə də toylar Azərbaycan iqtisadiyyatının əsas sütunlarındandır. O şəkildə ki, bu sahə ilə əlaqəli olan hər kəs bir-birini dolandırır. Gözəllik salonları, şadlıq sarayları, bazarlar, müğənnilər, musiqiçilər, müxtəlif xidmət sahələri və s. toy biznesindən qidalanır. Yumşalmalar fonunda toyların keçirilməsilə bağlı yenilik gözlənilə bilərmi?
- Yoluxma saylarındakı azalmalar toyların keçirilməsinə imkan verir. Ona görə də toylar bərpa olunmalıdır. Bunun üçün müəyyən qaydalar işlənib hazırlanmalıdır. Təbii ki, söhbət 1000, 500 nəfərlik toylardan getmir. Açıq havada 100-150 nəfərlik toylara icazə verilməlidir. Həm də siz deyən kimi, toy insanlar üçün iş yeridir. Yəqin ki, növbəti yumşaldılmalarda buna gediləcək. Çünki toy, yeni ailələrin qurulması vacib məsələlərdən biridir. İnsanlar var ki, pandemiya başlayandan toy gözləyir, nişanlı qalıblar, yaşları ötür.
- Elə dediyiniz insanlardan gizli toy edənlər də var...
- Mən o insanları başa düşürəm. Amma bu, qanun pozuntusudur. Gənc qızlar, oğlanlar ailə qurmaq istəyirlər. Onları da başa düşmək lazımdır. Ona görə insanların bu istəklərinə qanuni şəkildə icazə vermək lazımdır ki, sabahısı gün toya basqın edilməsin, qan-qaraçılıq olmasın. Mənim fikrimcə, toylarla bağlı Operativ Qərargah tərəfindən qərarlar veriləcəyi gözlənilir. Şəxsən mən bunun tərəfdarıyam. Toylar olsun, amma pandemiya gözlənilmək şərilə. Bu barədə həmkarlarım tərəfindən parlamentdə də məsələ qaldırılıb, düşünürəm ki, müsbət həllini tapacaq.
- Vahid müəllim, parlamentdə vəziyyət necədir, ötən ilin büdcəsinin icrası ilə bağlı aparılan müzakirələr nə dərəcədə qənaətbəxş oldu? Ümumiyyətlə, pandemiya dövründəki büdcənin icrasını necə qiymətləndirirsiniz?
- Bilirsiniz, 2020-ci ilin dövlət büdcəsi ən çətin dövrü əhatə etdi. Bir tərəfdən pandemiya, bir tərəfdən də 44 günlük Vətən müharibəsinin büdcə xərcləmələrinə çox təsiri oldu. Bütün bunlara baxmayaraq istər Maliyyə Nazirliyi, istər İqtisadiyyat Nazirliyi büdcənin gəlir hissəsinin artırılmasını təmin etdi. 24.6 milyard manata yaxın vəsaitlə faktiki olaraq, əvvəlcədən planlaşdırılmış xərclərin ödənilməsi təmin olundu. Hələ 2 milyarda yaxın vəsait COVID-19-la mübarizəyə sərf edildi. Bunun da bir hissəsi tibb işçilərinin əməkhaqlarının ödənilməsinə, bir hissəsi avadanlıqların alınmasına, bir hissəsi modul tipli xəstəxanaların təşkilinə xərcləndi, 276 milyon manat da sahibkarlara dəstək məqsədilə ayrıldı və s. Bir sözlə, dövlət büdcəsinin 35 faizinin sosialyönümlü olmasını nəzərə alsaq, Azərbaycan hökuməti 2020-ci ildə qarşıya qoyulan sosialyönümlü məsələlərin öhdəsindən gəldi.