"Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, Azərbaycan müharibə istəmir və münaqişəyə son qoyulub. Bu gün Silahlı Qüvvələrin bir qrup hərbçisi ilə görüşdə də Prezidentin səsləndirdiyi fikirlər bunu təsdiq edir".
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputat bildirib ki, ötən ilin 10 noyabrında imzalanan bəyanat münaqişənin başa çatdığını sübut edir: "Azərbaycan Ordusunun döyüş meydanındakı üstünlüyü Ermənistanı darmadağın edib. Belə olan halda, Ermənistan tərəfindən səsləndirilən revanşist bəyanatlar bu dövlətin sonunu gətirə bilər. Biz sülhə hazırıq və sülh prosesi mütləq şəkildə başladılmalıdır. Həmçinin sərhədlər müəyyənləşdirilməlidir. Biz buna çağırış edirik və çox ehtimal ki, qarşı tərəf də regionda sülhün bərpası üçün müəyyən addımlar atacaq. Cənab Prezidentin bu günkü çıxışında da qeyd etdiyim məqamlar öz əksini tapıb".
Qeyd: İyunun 26-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Silahlı Qüvvələr Günü münasibətilə “Gülüstan” sarayında Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşüb.
Nəzrin Cavid