Dövlət İmtahan Mərkəzi tərəfindən 1-2 iyul tarixlərində növbəti imtahanlar keçiriləcək.
DİM-dən verilən məlumata görə, iyulun 1-2-də əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı; müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı; qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan keçiriləcək.
Yuxarıdakı 3 kateqoriyaya aid olan abituriyentlər buraxılış vərəqəsini verilən linkdən (https://eservices.dim.gov.az/brxv) çap edirlər.
Aprel ayında keçirilən buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən XI sinif şagirdləri üçün və eksternat qaydasında imtahan verənlər üçün buraxılış imtahanlarında iştirak edənlər isə imtahana buraxılış vərəqəsini bu linkdən (https://eservices.dim.gov.az/sagirdbv/?frm=egov) çap edirlər.
İyulun 1-də keçiriləcək imtahanlar Bakı (bir hissə), Naxçıvan, Gəncə, Şəki, Bərdə, Sabirabad və Lənkəran, iyulun 2-də keçiriləcək imtahanlar isə Bakı (digər hissə), Şəmkir, Qazax, Sumqayıt, Abşeron, Mingəçevir, Göyçay, Kürdəmir, Şirvan, Salyan, Cəlilabad və Xaçmaz rayonlarında təşkil olunacaq.