Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti genişmiqyaslı əməliyyatlar həyata keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Baş İdarənin əməkdaşlarının Qaradağ rayonunda keçirdikləri əməliyyat zamanı Bərdə şəhər sakini əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün dəfələrlə məhkum olunmuş Ramal Hüseynov saxlanılıb.
Onun üzərindən və idarə etdiyi avtomobilindən 18 kiloqram 582 qram heroin, 1 kiloqram 630 qram psixotrop maddə metamfetamin və narkotik vasitələrin onlayn satışı zamanı istifadə etdiyi bir ədəd plastik kart aşkar edilib. Əməliyyat tədbirlərinin davamı olaraq Ramal Hüseynovun yaşadığı Bərdə şəhərində yerləşən evindən isə əlavə 9 kiloqramdan artıq heroin aşkar olunub.
Baş İdarənin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşlarının Masallı rayonunda həyata keçirdikləri əməliyyat zamanı isə narkotik vasitələrin satışı ilə məşğul olan Astara rayon sakini İbrahim İmaməliyev saxlanılıb. Onun idarə etdiyi avtomobilə baxış zamanı 13 kiloqram 710 qram heroin, 10 kiloqram tiryək, 3 kiloqram 443 qram psixotrop maddə olan metamfetamin, 1 kiloqram marixuana və 1000 ədəd satışı qadağan olunan yüksək təsiredici “Metadon” həbləri aşkar olunub. İbrahim İmaməliyev külli miqdarda narkotik vasitə və psixotrop maddəni satış məqsədi ilə şəxsiyyəti istintaqla araşdırılan xarici ölkələrdən birinin vətəndaşından əldə etdiyini bildirib.
Baş İdarə əməkdaşlarının Sabunçu rayonunda həyata keçirdikləri növbəti əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Amid Süleymanov, Zakir Abbasov və Müşfiq Əliyev tutulublar. Amid Süleymanovun üzərinə və yaşadığı Ramana qəsəbəsindəki evinə baxış zamanı 6 kiloqram 89 qram heroin, 2 kiloqram 50 qram psixotrop maddə metamfetamin və narkotik vasitələrin satışı zamanı istifadə etdiyi elektron tərəzi aşkar edilib. Bu əməliyyat zamanı saxlanılan Zakir Abbasov və Müşfiq Əliyev Sabunçu rayonunun qəsəbələrində narkotik vasitələrin satışı, daşınması və gizlədilməsində Amid Süleymanova yaxından köməklik göstəriblər.