"Əgər kiminsə hansısa məsələ ilə bağlı narazılığı varsa, sosial şəbəkələr onların mövqelərini bildirməsi üçün kifayət qədər imkan yaradır. Mitinq keçirməklə nə əldə edəcəklər?!".
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə sosial şəbəkələrdəki mitinq çağırışları barədə danışarkən deyib.
Deputat bildirib ki, hay-küy salanlar həmişə məqam gələn kimi arxada gizlənirlər: "Maraqlıdır ki, mitinq keçirməklə hansı problemi həll edib nə əldə edəcəklər?! Əgər kiminsə hansısa məsələ ilə bağlı narazılığı varsa, sosial şəbəkələr onların mövqelərini bildirməsi üçün kifayət qədər imkan yaradır. Eyni zamanda, televiziya və teleqram kanalları, mətbuat və s. var. Vətəndaşları itaətsizliyə çağıranlar bu gün dediklərini sabah inkar edənlərdir. Tarif Şurasının qərarına gəlincə isə, bu, bir qrup vətəndaş üçün xırda problemlər yarada bilər. Amma nəzərə almaq lazımdır ki, kommunal xidmət göstərən bir sıra qurumlar da gəlir əldə etməlidirlər. Xammal bahalaşır, onlar da vergi və əmək haqqı ödəyir və s. Yəni, dünənki qərara görə mitinq çağırışları etməyin heç bir əsası yoxdur. Çünki əhalinin mənafeyinə toxunacaq heç bir qərar qəbul edilməyib".
Nəzrin Cavid