Dövlət Şəhərsalma və Arxitektura Komitəsi “Qədim Qarabağın yenilənən siması” adlı müsabiqə proqramına start verib.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən verilən məlumata görə, Qarabağın bir sıra kənd və qəsəbələrini əhatə edəcək müsabiqə proqramının ilk mərhələsində təqdim olunan layihələrdə Ağdam rayonunun Sarıcanlı, Füzuli rayonunun Horadiz, Kəlbəcər rayonunun Zar, Laçın rayonunun Şəlvə və Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndlərində, həmçinin, Cəbrayıl rayonunun Xudafərin qəsəbəsində yaşayış məskənlərinin gələcək sosial, iqtisadi, texnoloji inkişafının həlledici istiqamətləri, milli memarlıq ənənələrinə bağlılıq və müasir həllərin mümkün inteqrasiyası, yüksək bədii-estetik görünüşün və həyat keyfiyyətinin inkişaf etdirilməsi, mühit-məkan həllinin müəyyənləşdirilməsi kimi vacib məqamlar öz əksini tapmalıdır.
Ümumi mükafat fondu 60 000 manat olan müsabiqədə layihə müəllifləri fərdi və ya qrup şəklində iştirak edə bilərlər. İştirakçılar yuxarıda qeyd olunan kəndlərdən birini və ya bir neçəsini seçmək hüququna malik olsalar da, seçilmiş hər bir ərazi üzrə ayrılıqda bir layihə təqdim olunmalıdır. Müsabiqədə iştirak etmək istəyənlər 15 iyul 2021-ci il tarixinədək qeydiyyatdan keçməli, layihələr isə 31 iyul 2021-ci il saat 18:00-dan gec olmayaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə tam tərkibdə təqdim olunmalıdır. Müsabiqədə iştirak üçün hər hansı ödəniş tələb olunmur.