Bu gün xarici işlər naziri Ceyhun Bayramov Azərbaycana rəsmi səfəri çərçivəsində Qırğız Respublikasının xarici işlər naziri Ruslan Kazakbayev ilə görüşüb.
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Pravda.az-a verilən xəbərə görə, hər iki tərəfdən geniş tərkibli nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə Azərbaycan və Qırğızıstan arasında ikitərəfli əməkdaşlıq gündəliyinə daxil olan məsələlər, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, habelə regional təhlükəsizlik məsələləri müzakirə edilib.
Həmkarını səmimiyyətlə salamlayan nazir Ceyhun Bayramov Azərbaycan və Qırğız xalqları arasında mövcud olan tarixi, mədəni və dini bağların iki ölkə arasında əlaqələrin əsasını təşkil etdiyini qeyd edərək, inkişaf etməkdə olan ikitərəfli dostluq və əməkdaşlıq münasibətlərini məmnunluqla ifadə edib. İki ölkə arasında yüksək səviyyəli səfər mübadilələrinin münasibətlərin inkişafına təkan verdiyi qeyd olunub. Nazir, dost ölkə Qırğızıstanın bu günədək Azərbaycanın beynəlxalq hüquqa əsaslanan ədalətli mövqeyinə verdiyi dəstəyin tərəfimizdən yüksək qiymətləndirildiyini vurğulayıb.
Nazir Ruslan Kazakbayev Qırğızıstan və Azərbaycan arasında tarixi bağları və qardaşlıq münasibətlərini qeyd edərək, əlaqələrin ikitərəfli və çoxtərəfli platformalarda uğurla inkişaf etdiyini vurğulayıb. Azərbaycanla münasibətlərə önəm verildiyini qeyd edən Qırğızıstan naziri, ikitərəfli əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi marağını ifadə edib.