Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müsahibəsi
- Məlum olduğu kimi, Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəlik rəhbərlərinin işğaldan azad edilmiş Şuşa şəhərinə səfəri təşkil olunub. Səfərdə hansı ölkələrin nümayəndələri iştirak ediblər?
- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, ölkəmizin əraziləri işğaldan azad edildikdən və 2020-ci il noyabrın 10-da Ermənistan tərəfindən kapitulyasiya aktının imzalanmasından sonra davamlı və mütəmadi şəkildə cənab Prezidentin səfərlərinin ardınca Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin də işğaldan azad edilmiş ərazilərimizə səfərləri təşkil olunur. Onlar yerindəcə mövcud vəziyyətlə, eləcə də ermənilərin 30 il ərzində törətdikləri vandalizm, Azərbaycan xalqının maddi və mənəvi irsinin talan və məhv edilməsi siyasəti ilə tanış olurlar. Bu xüsusda, artıq Fizuli, Zəngilan, Cəbrayıl, Qubadlı, Laçın və Ağdam rayonlarına müxtəlif səfərlər təşkil olunub. Son belə səfər isə 9-10 iyul tarixlərində Şuşa şəhərinə təşkil olundu. Sonuncu səfərdə Avstriya, Belarus, Bolqarıstan, Braziliya, Çin, Əfqanıstan, Əlcəzair, Fələstin, Gürcüstan, Xorvatiya, İordaniya, İsrail, İsveç, İsveçrə, İtaliya, Kolumbiya, Koreya, Qətər, Latviya, Macarıstan, Malayziya, Meksika, Mərakeş, Niderland, Pakistan, Polşa, Serbiya, Səudiyyə Ərəbistanı, Tacikistan, Türkiyə, Ukrayna, Yaponiya, Yunanıstan səfirləri, Belçika, BƏƏ, Çili, Estoniya, İraq, İran, Qazaxıstan, Litva, Liviya, Rumıniya, Slovakiya, Sudan və Venesuelanın müvəqqəti işlər vəkilləri, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının ölkəmizdəki nümayəndələri iştirak etmişlər. Bu səfərlərdə, xüsusilə Şuşaya səfərdə iştirak etmiş bütün səfirlərə və əcnəbi diplomatik xidmət əməkdaşlarına təşəkkürümüzü bildirirəm.
- Diplomatların 9-10 iyul tarixli səfərinin proqramı barədə məlumat verə bilərsinizmi?
- Diplomatik nümayəndəlik rəhbərləri əvvəlcə Fizuli şəhərinə səfər etdilər. Orada onlar Fizuli Beynəlxalq Hava Limanı və “Fizuli” yarımstansiyası ilə tanış olublar. Daha sonra Şuşa şəhərinə yola düşən diplomatlar orada Şuşa Bəyannaməsinin imzalandığı yer, Saatlı məscidi, Natəvanın ev kompleksi, Xan Qızı bulağı, Şuşa Qala divarları, Yuxarı Gövhər Ağa məscidi, Aşağı Gövhər Ağa məscidi, Pənahəli xanın sarayının qalıqları olan ərazi, “Realnı” məktəbinin binası və Qazançı kilsəsi ilə tanış olublar.
Qeyd etmək istərdim ki, Ermənistan tərəfindən Şuşa şəhərində görülən quruculuq və bərpa işləri ilə bağlı hətta müxtəlif qarayaxma kampaniyası aparılırdı. Şuşaya səfərlə diplomatik nümayəndəlik rəhbərləri oradakı maddi mədəni və dini abidələrin təmiri və bərpası, eləcə də müasir şəhərsalma qaydaları tətbiq olunmaqla şəhərin urban planlaşdırma və inkişaf konsepsiyaları ilə əlaqədar olan işlərlə də yerindəcə tanış olmaq imkanı əldə etdilər.