Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Xanlıqlar Kənd Bələdiyyəsinin sədrini aldadaraq işdən çıxarıb.
Bu barədə sabiq bələdiyyə sədri Asya Alhüseynova özü məlumat verib:
"2009-2016-cı illərdə Qazax Rayon Xanlıqlar Kəndinin bələdiyyə sədri olmuşam. R.Babaşov rayona yeni gələndə məni qəbul etdi və işdən çıxmaqla bağlı ərizə yazmağa vadar etdi. İcra Başçısı bildirdi ki, "gənc xanımsan, səndən bələdiyyə sədri olmaz. Şəxsi həyatına, ailə qurmağına manedir. O zaman mənim 32 yaşım vardı. 2016-cı ilin mayında rayona icra başçısı təyin olunan R.Babaşov avqustda məni bu sözlərlə aldadıb istefa ərizəsinə imza atdırdı və dedi ki, səni başqa işlə təmin edəcəm. Bu işdə müavin Gülayə Həsənovanın əli var. Çünki dəfələrlə məni və mənim kimi digər gənc, perespektivli xanımları özünə rəqib gördüyünü dilə gətirib. Gülayə Həsənova özünə rəqib gördüyü şəxsləri, elə mənim özümü də icra başçısının gözündən salıb, yanlış məlumatlar təqdim edərək nüfuz qazanmasına mane olur" - deyə şikayətçi qeyd edib.
A.Alhuseynovanın sözlərinə görə, o istefa verməyə vadar edildikdən sonra 8 ay müddətində R.Babaşovdan işlə bağlı cavab gözləyib. Daha sonra bir dəfə icra hakimiyyətinə gedib, onda da oradan qovulub:
"Məni 2017-ci ildə Qazax 3 saylı bağçaya müdir təyin etdi. Müdir təyin olunana qədər Qazax rayon Qadınlar şurasının sədri (2014-cü ildən) olmuşam. Buradan da çıxmağım üçün R.Babaşov mənə tələb qoydu -" Ya bağçanı seç, ya da şurada sədr qal". Mən də pula ehtiyacım olduğu üçün sədrlikdən çıxdım. Ancaq çox çəkmədi ki, oradan da çıxmağa vadar edildim. Belə ki, icra başçısı yaşlı bir müəlliməni xüsusi aktla işdən çıxarmağım üçün məni təkid edirdi, "sən mənim əmrimi yerinə yetirməlisən" deyirdi. Onun dediyini etmədim, özüm ərizə yazmalı oldum.