Dünən Bakıda, Lökbatan dairəsinə yaxın ərazidə yük maşınlarının birinin sürücüsü yükdaşıma qaydalarını kobud şəkildə pozub. O, armaturları asfaltla sürüyüb. Nəticədə asfalta ziyan dəyib, həmçinin digər sürücülər üçün təhlükə yaranıb. Artıq həmin görüntülərdəki avtomobilin tapılması üçün aidiyyəti qurum polisə müraciət edib.
Ağır tonnajlı avtomobilə qabarit ölçülərinə uyğun olmayan material yüklənib. Bu səbəbdən tonlarla çəkisi olan armaturlar yerlə sürünür. Avtomobillərin intensiv hərəkət etdiyi yolda asfalt örtüyünə ciddi ziyan dəyib.
Bu kadrlar dünən Bakı-Qazax avtomagistralında, Lökbatan dairəsinə yaxın ərazidə çəkilib. Yerlə sürünən yük yola ziyan vurmaqla yanaşı, həmin yoldan istifadə edən sürücülər üçün də təhlükə saçıb.
Görüntüdən aydın olur ki, burada Yol Hərəkəti Haqqında qanunun 57-ci maddənin tələbi pozulub. Qanuna görə, daşınan yüklər yer ilə sürünməməli, nəqliyyat vasitəsinin bortundan-banından kənara 1 metrdən artıq çıxmamalıdır. Əgər yüklər 2 metrdən çox kənara çıxarsa, bunun üçün hətta xüsusi razılıq da alınmalıdır.