Azərbaycanın Birinci vitse-prezidenti, Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İCESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti özündə bu dəyərləri birləşdirir
Heydər Əliyev Fondu: Ümummilli Liderin zəngin ənənələrinin davamçısı
Şərqlə Qərbin qovuşağında yerləşən Azərbaycan dövlətlər, xalqlar arasında körpü rolunu oynayır, həyata keçirdiyi layihələri, irəli sürdüyü təşəbbüsləri ilə bu körpünün daha da möhkəmlənməsinə töhfələr verir. Hər bir dövləti, xalqı dünyada tanıdan siyasəti ilə yanaşı, zəngin tarixi, mədəniyyəti, milli-mənəvi dəyərləri və dilidir.
Azərbaycanın Birinci vitse-prezidenti, Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İCESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətindən bəhs edərkən dünyada sülhün qorunmasına, sivilizasiyalararası dialoqa töhfələri xüsusi qeyd olunmalıdır. Məhz Mehriban xanımın təşəbbüsü sayəsində UNESCO və İCESCO-nun dəstəyi ilə 2008-ci ildə Bakıda keçirilən “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” beynəlxalq forumu ümumbəşəri mədəniyyətə, sülhün və əmin-amanlığın bərpa olunmasına hesablanmış ən böyük addım olmuşdur. Ölkəmizdə bilavasitə Mehriban xanım Əliyevanın təşəbbüsü ilə “Azərbaycan: sivilizasiyalararası dialoqun keçmişi və bu günü”, “Gənclər sivilizasiyaların alyansı naminə” mövzusunda beynəlxalq konfranslar, “Dünya gənclərinin 4-cü məşğulluq sammiti”, BMT-nin Dövlət Xidmətləri Forumu, habelə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu kimi qlobal tədbirlər reallaşdırılmışdır.
Qeyd etdiyimiz kimi, Azərbaycan mədəniyyətinin geniş təbliği, sağlam mənəvi dəyərlərin qorunması Mehriban xanım Əliyevanın fəaliyyətində əsas yerlərdən birini tutur. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin zəngin ənənələrinin davamçısı olan Heydər Əliyev Fondu genişmiqyaslı fəaliyyəti ilə məhz Azərbaycanın yüksək dəyərlərini, humanizm prinsiplərini beynəlxalq aləmə təqdimində əvəzsiz rola malikdir. Heydər Əliyev Fondunun loqosuna diqqət yetirməklə məqsəd və məram özünü aydın şəkildə ifadə edir. Göy və qızılı rənglər qurumun fəaliyyətinin təqdimatıdır. Səmanı, demokratiyanı, dincliyi, etibarlılığı, səmimiliyi, əminliyi ifadə edən göy rəng həm də milliliyin göstəricisidir. Qızılı rəng isə Günəş, sülh, inkişaf, işıqlı gələcək simvolu deməkdir. Hər iki rəng ümummilli lider Heydər Əliyevin istək və arzularının ifadəçisidir. Hər zaman Azərbaycanı sabit, inkişaf, tərəqqi yolunda görmək istəyən ulu öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövrünə diqqət yetirdikdə bu günümüz üçün gördüyü işlərin miqyasının nə qədər böyük olduğunu görürük. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasət nəticəsində Azərbaycan qısa müddətdə dahi şəxsiyyətin ən böyük arzusu olaraq dünyaya günəş kimi doğdu. Müstəqilliyimizin ilk illərində Azərbaycanın ətrafında yaradılan informasiya blokadasının yarılmasını qarşıya mühüm məqsəd kimi qoyan Ümummilli Liderin gərgin səyləri nəticəsində Azərbaycan həqiqətləri dünyaya çatdırıldı. Mehriban xanım Əliyeva bildirir ki, Heydər Əliyevin həyatı böyük bir epoxanın aynası kimi ölkəmizin sevincli-kədərli günlərini və anlarını, Azərbaycanın bu tarix yollarını özündə əks etdirir. Məhz Heydər Əliyevin həyatı və fəaliyyəti sübut etdi ki, əlçatmaz xəyalların və arzuların reallaşması insan fenomeninin gücünə mümkündür. Heydər Əliyev qalibiyyətinin nəticəsi müasir müstəqil Azərbaycan Respublikası və onun bugünkü nailiyyətləridir.
Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İCESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva böyük və çoxşaxəli fəaliyyəti ilə bir-birindən fərqli layihələrin müəllifi olaraq saysız insanların mənəvi dostuna çevrilib. Həyata keçirdiyi layihə və proqramların əsas istiqamətlərini təhsil, mədəniyyət, səhiyyə, idman və sosial sahələr təşkil edir. Heydər Əliyev Fondu uğurlu layihələrin müəllifi olaraq, yüksək səviyyəli konfranslarda, festivallarda iştirak edib, eyni zamanda, belə miqyaslı tədbirlərə ev sahibliyi edib. Fond qayğıya ehtiyacı olanlara kömək göstərmək, milli-əxlaqi dəyərləri qorumaq, həmçinin dünya ictimaiyyətinin diqqətini Azərbaycan həqiqətlərinə cəlb etmək üçün fəaliyyətində qətiyyətlidir, israrlıdır. Bu fəaliyyət humanizm meyarına söykənir.
Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinin, milli-mənəvi dəyərlərimizin, həqiqətlərimizin təbliği istiqamətində həyata keçirdiyi layihələri, əldə olunan nəticələri bir yazıda əhatə etmək mümkünsüzdür. Onun muğam sənətinin qorunub saxlanılması və təbliği istiqamətində gördüyü işlər ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır, dünya miqyasında yüksək dəyərləndirilir. Bu gün tarixə qovuşan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında Heydər Əliyev Fondunun müxtəlif ölkələrdə təbliğat xarakterli tədbirlərinin, müxtəlif dillərdə çap etdirdiyi kitabların, vəsaitlərin rolunu xüsusi qeyd etməliyik. Heydər Əliyev Fondunun vitse-prezidenti, həqiqətlərimizin ən fəal gənc təbliğatçısı kimi tanınan Leyla Əliyevanın «Xocalıya ədalət» kampaniyası çərçivəsində gördüyü işlərin uğurlu nəticələri göz önündədir.
Mehriban xanım Əliyevanın məqsədi, amalı Azərbaycanı beynəlxalq aləmdə zəngin mədəni irsə, mənəvi dəyərlərə malik ölkə olduğunu təqdim etməkdir
Təbii ki, hər bir xalqın varlığı, milli kimliyi ilk növbədə milli-mənəvi dəyərlərində ehtiva olunur. Heydər Əliyev Fondunun fəaliyyətində tariximizə, milli-mənəvi dəyərlərimizə, ədəbiyyatımıza, elmə, musiqimizə verilən dəyərdən qaynaqlanan addımların uğurlu nəticələrini Azərbaycanımızın bugünkü reallıqlarında görürük. Təkcə bu faktı qeyd etmək kifayətdir ki, Azərbaycan 2019-cu ildə UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına ev sahibliyi etdi. Bu mühüm hadisə Azərbaycanın milli-mənəvi dəyərlərimizin, tarixi-mədəni irsimizin qorunması və təbliği, eyni zamanda beynəlxalq səviyyədə dünya irsinin müdafiəsi və mühafizəsinə dəstək olmaq istiqamətində atdığı addımlara, malik olduğu təcrübəyə bir daha işıq saldı. Bu uğurumuz, eyni zamanda, Azərbaycan-UNESCO əməkdaşlığının hazırkı səviyyəsinin göstəricisi oldu. UNESCO ilə Azərbaycan arasındakı əlaqələr Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva 2004-cü ildə qurumun xoşməramlı səfiri seçiləndən sonra daha sürətlə inkişaf etməyə başlamışdır. Onun davamlı və ardıcıl səyləri nəticəsində Azərbaycanın maddi və qeyri-maddi mədəni irs nümunələri UNESCO-nun müvafiq siyahılarında yer alıb. Muğamın, aşıq sənətinin, Novruz bayramının, İçərişəhərin, tar ifaçılığı sənətinin UNESCO-nun nadir, şah əsərləri sırasına daxil edilməsi Azərbaycanla bu təşkilat arasında əməkdaşlığın davamlılığını diqqətə çatdırır. Onu da qeyd edək ki, UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi qurumun Ümumdünya İrs Siyahısına daxil edildi.
Xalqın rifahına və dövlətin inkişafına böyük dəstək
Vətənə, dövlətə sədaqət, milli dəyərlərə hörmət və uğurlu fəaliyyət Mehriban xanım Əliyevanın ölkənin Birinci vitse-prezidenti vəzifəsinə təyin olunmasını şərtləndirən əsas amillərdir. Dövlətimizin başçısı İlham Əliyev Mehriban xanım Əliyevanı Azərbaycanın Birinci vitse-prezidenti kimi təqdim edərkən bu kimi mühüm məqamları xüsusi vurğulayaraq bildirmişdir: «Bax, bu, çoxşaxəli fəaliyyət və eyni zamanda, uğurlu fəaliyyət mənim bu qərarı qəbul etməyimdə əsas rol oynamışdır. Eyni zamanda, qeyd etməliyəm ki, Mehriban Əliyeva çox peşəkar, bilikli, təcrübəli, prinsipial, çox xeyirxah bir insandır. Təsadüfi deyil ki, Azərbaycan xalqı ona böyük rəğbət və sevgi ilə yanaşır.» Dövlətimizin başçısı İlham Əliyevin bu etimadını yüksək dəyərləndirən Mehriban xanım Əliyeva «Ölkəmizin və xalqımızın maraqlarını hər şeydən üstün tutacağam, Azərbaycana layiqincə xidmət etməyə çalışacağam» bildirmişdir.
2017-ci ilin fevralından ötən 4 ildən artıq dövrə nəzər salsaq Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bu məsuliyyətli və şərəfli vəzifənin də öhdəsindən ləyaqətlə gəldiyini böyük qürur və fəxr hissi ilə qeyd edə bilərik. Birinci vitse-prezident kimi ilk müşavirəsini artıq tarixə qovuşan Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz doğma yurd-yuvalarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərin problemlərinə həsr edən Mehriban Əliyeva daim əhalinin bu həssas təbəqəsinin yanında olur, onları narahat edən məsələləri birbaşa öz dillərindən dinləyir. Hər zaman da bu əminlik ifadə edilirdi ki, yaradılan bu şərait müvəqqəti xarakter daşıyır. Tezliklə münaqişə öz həllini tapacaq, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaqlar.
Bu gün həmin istəyin, arzunun reallığa çevrildiyinin sevincini yaşayırıq. Soydaşlarımız «artıq biz qaçqın deyilik» söyləyərək Böyük Qayıdışı gözləyirlər. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərimizə hər səfərləri, burada görülən bərpa və quruculuq işləri ilə yaxından tanış olmaları, yeni obyektlərin təməlqoyma mərasimlərində iştirak etmələri və sair kimi biri-birindən mühüm addımlar tarixə çevrilir. Artıq işğaldan azad olunmuş tarixi torpaqlarımız əsl cənnət məkana çevrilir.
Ölkəmizdə vitse-prezidentlik institutunun yaradılması idarəçilik sistemində təkmilləşməyə, qarşıya qoyulan hədəflərə yüksək səviyyədə və zamanında nail olmağa xidmət edir. Bu baxımdan Mehriban xanım Əliyevanın hər zaman olduğu kimi, Azərbaycanın Birinci vitse-prezidenti kimi daxili siyasət sahəsində əsas fəaliyyət istiqamətləri dövlət idarəetməsində çevikliyin təmin olunması istiqamətində fəaliyyətin təşkili; ölkə əhalisinin bərabər, əlçatan və keyfiyyətli təhsillə təminatı; sağlamlığının qorunması; sosial baxımdan daha həssas əhali qruplarının (şəhid ailələri, qazilər, məcburi köçkünlər, ahıllar, kimsəsizlər, irsi qan xəstəliyindən və digər irsi xəstəliklərdən əziyyət çəkən şəxslər və s.) problemlərinin həlli; Azərbaycan xalqının yaratdığı milli mədəniyyət və incəsənət nümunələrinin, ənənələrin öyrənilməsi, bərpası, onların yerli və dünya mədəni irsi kimi qorunması, dünyada tanıdılması işləri; ölkədə idman hərəkatının davamlılığının təmin olunması; ekoloji problemlərin həllinə dəstək göstərilməsi; böhran zamanı effektiv idarəetmə, pandemiya zamanı əhalinin ehtiyaclarının qarşılanması və tibbi, sosial dəstək layihələrinin reallaşdırılması; hazırkı dövrdə işğaldan azad olunan torpaqların bərpasında humanitar missiyanın həyata keçirilməsidir. Çoxşaxəli fəaliyyətin özündə ehtiva etdiyi və daim dəyişməz qəbul olunan prinsip isə məsuliyyətdir. Mehriban xanım Əliyevanın müsahibələrində qeyd etdiyi kimi, məsuliyyətin və yerinə yetirilən vəzifənin böyüklüyü, kiçikliyi yoxdur. Yalnız xalqa, dövlətə xidmət istəyi, insanları sevindirəcək, imkansızlara yardım, humanistlik və xeyirxahlıq duyğuları vardır.
Dahi şəxsiyyətin adı ilə bağlı olan Yeni Azərbaycan Partiyası uğurlarımızın bələdçisidir
