BURADA REKLAMINIZ OLA
BİLƏR

“Ülvi Quliyevin oğlu düşünür ki, atası parlamentdə təmsil olunur, vətəndaşların evini söksə, heç nə deməyəcəklər”

"Təkcə deputat Ülvi Quliyevin deyil, ümumiyyətlə, ölkədəki bir qrup oliqarxın vətəndaşların ən təbii hüquqlarını pozması halları ilə tez-tez qarşılaşırıq. Belə hüquq pozanlar adətən ya dövlət məmurları, ya da həmin məmurların elə ən yaxın qohumları olurlar. Bu, özünü demokratik adlandıran dövlət və cəmiyyət üçün utancvericidir".

 

Bunu Pravda.az-a açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı deyib.

 

 

Partiya sədri bildirib ki, bu cür qanun pozuntuları mütləq aradan qaldırılmalıdır: "Ümumiyyətlə, bu günə qədər hələ də belə vəziyyətlə üz-üzə olmağımıza səbəb indiyə qədər heç kimin bu cür əməllərinə görə cəzalandırılmamasıdır. İndiyədək hansısa məmur onun şirkətinin birbaşa məsuliyyət daşıdığı məsələyə görə dövlət orqanından uzaqlaşdırılmayıb. Heç kim deputatlıqdan məhrum edilməyib, nazirlikdən çıxarılmayıb. Belə adamlar  bir-birlərinə baxıb nümunə götürürlər. Misal üçün, Ülvi Quliyevin oğlu görür ki, Elnur Allahverdiyev gedib şəhidin çarpayısının götürsə də, ona heç nə deyən olmayıb. Düşünüb, mənim atam da parlamentdə təmsil olunursa, mən də vətəndaşların evini söksəm, heç nə deməyəcəklər. Və yaxud da başqa bir nazirin övladı avto-qəza edir, amma həbs edilmir. Yəni qanunun işləmədiyini nümayiş etdirən belə hallar çoxdur. Təəssüf doğuran əsas məqam odur ki, belə qanun pozuntuları qanunverici orqanda təmsil olunanların özləri və ya övladları tərəfindən edilir. Məncə, bu məsələyə Ülvi Quliyev aydınlıq gətirməlidir. Doğrudur, deyə bilərlər ki, hər kəs özünə cavabdehdir, lakin qanunverici orqanda çalışan birinin övladının qanun pozması daha çox diqqət çəkir".

 

Qeyd: Bakının Səbail rayonu, Bayıl qəsəbəsi, Qurban Abbasov küçəsinin sakinləri söküntü prosesinə görə deputat Ülvi Quliyevin oğlu Orxan Quliyevə məxsus olduğu iddia edilən “Dönüş-1 MMC”-dən narazılıqlarını bildiriblər.

Tarix: 9 Sentyabr 2021, 18:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin