“Qarabağ ətrafındakı 7 rayonun qaytarılması işğalçı Ermənistanın qarşısına zəruri bir tələb kimi qoyulub. Amma Ermənistan tərəfi heç 5 rayonun Azərbaycana qaytarılmasına hazır deyil”.
Politoloq Qabil Hüseynli belə düşünür.
- Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin axırıncı görüşündən sonra həmsədrlər bəyanat yaydı. Bu bəyanatda diqqət çəkən əsas məsələ bu idi ki, bundan sonrakı mərhələdə Dağlıq Qarabağla bağlı tərəflər arasında aparılan danışıqlar barədə məhdud məlumatlar verilə bilər, yəni məxfilik prinsipi əsas götürülə bilər. Sizcə, niyə belə bir zərurət yaranıb?
- Məxfilik prinsipinin irəli sürülməsi daha çox Ermənistanla bağlıdır. Çünki Ermənistan cəmiyyəti nə hazırda aparılan danışıqlara, nə də sülh prosesinə hazır deyil. Ermənistanda millətçi, şovinist ab-hava hökm sürür, siyasi elitadan tutmuş, sıravi insanlara qədər hər kəs şovinizmlə zəhərlənib. Buna görə də hansısa bir açıqlama Ermənistanda bomba effekti yaradır, məsələlər həddən artıq şişirdilir. İlk növbədə, Ermənistan hakimiyyəti cəmiyyətdən qorxur, bu səbəbdən də Qarabağla bağlı məlumatların ictimai rəyə sızmasını istəmir. Digər yandan kimsəyə sirr deyil ki, Ermənistanın qarşısına ciddi tələblər qoyulur, ciddi təzyiqlər var. Bu gün Qarabağ ətrafındakı 7 rayonun qaytarılması işğalçı Ermənistanın qarşısına zəruri bir tələb kimi qoyulub. Amma Ermənistan tərəfi heç 5 rayonun Azərbaycana qaytarılmasına hazır deyil. Buna baxmayaraq, 7 rayonun azad olunması məsələsi Ermənistanın qarşısına ciddi tələb kimi qoyulub. Digər tərəfdən isə Avropa İttifaqı, Avropa Parlamenti, NATO kimi beynəlxalq qurumlar və ABŞ keçmiş SSRİ məkanındakı regional münaqişələrin həlli ilə bağlı konkret mövqeyini irəli sürdü. Bu mövqe də erməniləri ciddi şəkildə qıcıqlandırır. Çünki bu mövqe danışıqların ümumi məzmununa təsir edir, Ermənistandan ciddi güzəştə getməsi tələb edilir.
- Bəs Azərbaycan?
- Əlbəttə, Azərbaycanı da nəyəsə vadar etmək istəyirlər. Amma Azərbaycan bu tələblərə razılıq vermir, çünki söhbət ölkəmizin ərazi bütövlüyündən gedir. Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağa ən yüksək muxtariyyət statusunun verilməsi təklif olunur. Azərbaycan Ermənistana bundan artıq güzəşt edə bilməz, etməyəcək. Bu baxımdan münaqişə qızışmasın, danışıqlar prosesi pozulmasın deyə, məxfilik prinsipinin tətbiqi qərara alınıb. Mediaya aparılan danışıqlara bağlı məhdud məlumatlar verilir. Əlbəttə, xarici işlər nazirlərinin Cenevrədə baş tutan sonuncu görüşündə konkret məsələlər ətrafında müzakirə aparıldı. O da qeyd edilir ki, ilk dəfədir görüşdə konkret mövzuya dair danışıqlar aparılıb. Zənnimcə, danışıqların məxfilik prinsipi əsasında aparılması bir taktikadır. Bu taktikaya etiraz etmək də olmaz, eyni zamanda, bunun ziyan gətirəcəyini də düşünmürəm.