Türkiyənin milli müdafiə naziri Hulusi Akarın dəvətilə qardaş ölkədə səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov, müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev və müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov “TurAz Şahini - 2021” birgə taktiki-uçuş təlimlərində keçirilən "Yüksək səviyyəli müşahidəçi günü"ndə iştirak etmək üçün Konya şəhərinə gəliblər.
Müdafiə Nazirliyindən Pravda.az-a verilən məlumata görə, təlimlərin keçirildiyi ərazidə fəxri qarovulun iştirakı ilə Azərbaycan nümayəndə heyətinin təntənəli qarşılanma mərasimi olub.
Sonra “TurAz Şahini - 2021” birgə təlimlərinin gedişi, yerinə yetirilən tapşırıqlar barədə yüksək səviyyəli qonaqlar üçün brifinq təqdim edilib. Brifinqdən sonra Azərbaycan və Türkiyənin müdafiə nazirləri çıxış ediblər.
Z.Həsənov təlimlərdə iştirak edən şəxsi heyəti salamlayaraq bildirib ki, Azərbaycan-Türkiyə əlaqələri dövlət başçılarının rəhbərliyi ilə uğurla davam etdirilir.
Bu gün Azərbaycan-Türkiyə əlaqələri strateji tərəfdaşlığa əsaslanır və bunun tərkib hissəsi kimi ordu quruculuğu sahəsində ardıcıl tədbirlər görülür.