““Aİ-95” markalı benzinin qiyməti 1.60, “Aİ-98”in satışı isə 1.90 manat olub. “Aİ-98” az işlənsə də, “Aİ-95” çox işlənən yanacaqdır. Tələbatın çox olduğu yanacağın qiymətini birdən-birə 15 qəpik bahalaşdırmaq absurddur. Benzini il ərzində neçə dəfə bahalaşdırmaq olar? Açığı mən artım gözləmirdim, çünki artım hələ bir neçə ay əvvəl olmuşdu”.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov benzinin bahalaşmasına münasibət bildirərkən deyib.
Deputat SOCAR-ın benzinin bahalaşaması ilə bağlı verdiyi açıqlamadakı izahın anlaşılan olmadığını vurğulayıb:
“Hər dəfə də izah edirlər ki, Azərbaycanda istehsal edilmədiyi, xaricdən idxal olunduğu üçün qiymətlər artırılır. Neçə illərdir eyni şablon açıqlama verilir. Azərbaycan neft ölkəsidir. İdxal baha başa gəlirsə, zavod tik, öz ölkəndə istehsal et. Ölkədə ən çox işlənən “Aİ-92” və “Aİ-95” markalı benzinlərdir. Niyə bu vaxta qədər zavod tikib bu benzini özümüz istehsal etmirik ki, qiymətlər də belə yüksək olmasın?!