Fevralın 5-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri Ceyms Şarpı qəbul edib.
QMİ-nin mətbuat xidmətindən Pravda.az-a verilən məlumata görə, Şeyxülislam Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) çıxmasını dünya siyasətində yeni bir mərhələnin başlanğıcı kimi xarakterizə edib, bu qərarın İngiltərə xalqı üçün xeyirli olacağına inandığını bildirib.
İngiltərəyə səfərlərini, ölkənin dini liderləri ilə görüşlərini, xüsusilə, 2016-cı ildə Londonda keçirilən beynəlxalq konfransda iştirakını xatırladan QMİ sədri qeyd edib ki, ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən əlaqələr yüksək səviyyədə qurulub və bu münasibətlər dövlət başçılarının səyi nəticəsində inkişaf edir.
Şeyxülislam Azərbaycanda din-dövlət münasibətləri, multikultural və tolerantlıq mühiti barədə qonağa ətraflı məlumat verib, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan siyasi iradənin bu gün ölkə başçısı İlham Əliyevin inamla həyata keçirdiyini diqqətə çatdırıb.
Ötən ilin noyabrında Bakıda keçirilən Dünya Dini Liderlərinin II Sammiti barədə danışan QMİ sədri Allahşükür Paşazadə bildirib ki, Zirvə toplantısında 70-dən çox dövlətin, o cümlədən, Böyük Britaniyanın, 10-dan çox nüfuzlu beynəlxalq təşkilatın 500-ə yaxın nümayəndəsi iştirak edib. Şeyxülislam deyib ki, II Bakı Sammiti Azərbaycanın dinlərarası və mədəniyyətlərarası dialoqa verdiyi mühüm töhfələrdən biridir. QMİ sədri Zirvə toplantısında qəbul olunan Bakı Bəyannaməsini də əhəmiyyətli sənəd adlandırıb.