“Ağcabədi rayon Mərkəzi xəstəxanası” publik hüquqi şəxsin direktoru vəzifəsində işləmiş Fövzi Tahirovun qanunsuz əməlləri ilə əlaqədar keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin istintaqı yekunlaşdırılıb.
Baş Prokurorluqdan verilən məlumata görə, aparılmış istintaq-əməliyyat tədbirləri ilə Fövzi Tahirovun qeyd olunan vəzifədə işləməklə Həkim Məsləhət Komissiyasının sədri səlahiyyətlərini həyata keçirərkən 2019-2020-ci illər ərzində xəstələrin sənədlərinin əlillik dərəcəsinin müəyyən edilməsi məqsədi ilə aidiyyəti qurumlara göndərilməsi müqabilində hər bir şəxs üçün 500-2000 manat olmaqla ümumilikdə 24 şəxsdən 28 min 400 manat məbləğində pul vəsaitini xidməti otağında rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.