“Dövlət rüsumu haqqında” qanun layihəsinin parlament müzakirəsinə çıxarılması kifayət qədər səs-küy doğurub. Məsələ ilə bağlı mediada, həmçinin sosial şəbəkələrin Azərbaycan seqmentində geniş müzakirələr aparılmaqdadır. İctimai marağı nəzərə alaraq bu mövzuda Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişilinin musavat.com-a müsahibəsini təqdim edirik:
- Tahir bəy, 200-dən çox rüsumun dəyişdirilməsi müzakirəyə çıxarılan qanun layihəsində əksini tapıb. Kifayət qədər rezonansa səbəb, ajiotaj yaradan dəyişikliklərə gedilməsi hansı zərurətdən irəli gəldi?
- Bu qanun layihəsi yalnız rüsumların dəyişdirilməsi ilə bağlı deyil. Kifayət qədər böyük bir qanun layihəsidir və dörd istiqaməti özündə əks etdirir. Birinci istiqamət üzrə bildiyiniz kimi, dövlət rüsumunun bir hissəsi, bəzi orqanlarda 18 faiz, bəzilərində 43 faiz, bəzilərində 50 faiz rüsum toplayan orqanların hesabına köçürülürdü. Bu məbləğ isə əsasən həmin orqanlarda çalışan əməkdaşların əmək haqqının artırılmasına və sosial dəstək proqramına sərf olunurdu. Bu qanun layihəsinə görə, artıq bu sistem ləğv olunur, yığılan bütün rüsumlar tam həcmdə dövlət büdcəsinə köçürüləcək. Bu məsələ barədə Milli Məclisin plenar iclaslarında deputat həmkarlarım dəfələrlə oxşar təkliflə çıxış ediblər ki, bu sistem ləğv olunsun, yəni ayrı-ayrı orqanların yığdığı dövlət rüsumu tam büdcəyə köçürülsün. Çünki əks halda, bu orqanlarda çalışan əməkdaşların əmək haqqı ilə rüsum yığmayan orqanlarda çalışan əməkdaşların əmək haqqı arasında ciddi bir disbalans yaranmışdı.
İkinci mühüm dəyişiklik, bildiyiniz kimi, bəzi rüsumlar tutaq ki, minik avtomobillərinin, mobil telefon cihazlarının dövlət qeydiyyatına alınması ilə bağlı dövlət rüsumları Nazirlər Kabinetinin qərarı ilə müəyyən olunurdu. Amma indiki halda isə - rüsumlar dəyişilmədən, olduğu kimi qalaraq - artıq qanunda öz əksini tapacaq, bu da özlüyündə rüsum sisteminin mərkəzləşdirilməsi və ona nəzarət edilməsi baxımından da ciddi məsələdir.
Üçüncü dəyişiklik: bir çox istiqamətlər üzrə yeni dövlət xidmətləri var ki, indiyədək onlar üçün dövlət rüsumu müəyyən olunmayıb. Məsələn, su obyektlərinin icazəsi ilə bağlı, yaxud heyvandarlıq məhsullarında bəzi qida təhlükəsizlik sertifikatları, şəhadətnamələri, icazələrin verilməsi ilə əlaqədar və s. Ona görə də bu qanun həm də eyni zamanda bu istiqamətlər üzrə yeni rüsumların müəyyən olunmasını özündə ehtiva edir.
Nəhayət, dördüncü dəyişiklik: bir sıra rüsumlar üzrə rüsum dərəcələrinin dəyişdirilməsi, inflyasiya nəzərə alınaraq, onların indeksasiya edilərək artırılması. Bununla bağlı maliyyə nazirinin müavini də komitədə kifayət qədər geniş açıqlama verdi. Bir çox rüsumlar var ki, onlar 15-20 il bundan əvvəl müəyyən olunub və keçən illər ərzində həm o xidmətin göstərilməsinin dəyəri qalxıb, həm də bir çox hallarda istifadə olunan materiallar dəyişib. Məsələn, indiyə qədər xarici pasportlar üçün tələb olunan rüsumlar təqribən 15 il əvvəl müəyyən olunub. O zaman verilən pasportlar materialına və eyni zamanda verilmə formasına görə indiki pasportlardan daha ucuz idi. Keçən dövr ərzində smart ciplərlə, yeni texnologiyalarla təchiz olunmuş pasportların verilməsinə keçilib, amma rüsum əvvəlki kimi saxlanmışdı. Və yaxud dövlət orqanlarında işləyən əməkdaşların keçən 15 il ərzində əmək haqları xeyli artıb, yəni xidmətin dəyəri də dolayısı yolla artıb. Bunları nəzərə alsaq rüsum dərəcələrinin dəyişdirilməsi qanunda öz əksini tapmışdır.
- Sizin komitə sədri olaraq, əsaslandırmanız birmənalı qarşılanmadı, hətta deputat həmkarlarınızın da etirazları, fərqli yanaşmaları oldu. Xüsusilə də gündəlik tələbat malları, ərzaq məhsulları, dərman preparatları ilə bağlı rüsumların artımının ölkə bazarında qiymətlərə təsiri qaçılmaz olacaq və bu da qiymət artımını tətikləyəcək. Rüsumların artması əhalinin aztəminatlı hissəsinin yükünü, qayğısını artıracaq, bunu nəzərə almısınızmı və narahatlığı bölüşürsünüzmü?
- İstənilən halda rüsumların və yaxud vergi dərəcəsinin artımı dünyanın heç bir ölkəsində birmənalı qarşılanmır. Təbii ki, indiki şəraitdə biz buna getməyi qərara alırıqsa, demək, bu addımın son nəticədə müsbət nəticələrə səbəb olacağına da inanırıq. Digər bir tərəfdən, əhalinin gəlirlərinin artırılması ilə bağlı məsələlərə də daha geniş toxunmalıyıq. Çünki paralel olaraq dövlət başçısının göstərişi ilə əhalinin gəlirlərinin artırılması istiqamətində də ciddi işlər aparılır. Qeyd edim ki, Milli Məclisə belə bir paket də daxil olub. Təkcə gələn ilin dövlət büdcəsində əmək haqlarının 20-40 faiz artırılması ilə bağlı təxminən 1 milyard manatdan çox vəsait nəzərdə tutulub ki, bu, kifayət qədər böyük bir məbləğdir. Yəni məsələnin iki tərəfi var. Digər tərəfdən, bu, komitə iclasında birinci oxunuş idi, biz bu qanun layihəsini ikinci, üçüncü oxunuşda yenidən müzakirə edəcəyik, plenar iclaslarda müzakirəyə çıxaracağıq. Çünki birinci oxunuş zamanı layihə adətən konseptual müzakirə olunur, ikinci oxunuşda daha detallı müzakirə edirik. Bəzi rüsumlarla bağlı deputat həmkarlarımın təklifləri var. Biz bu istiqamətdə işləyəcəyik.
- Ən çox ajiotaja səbəb olan minik avtomobilləri və mobil telefon cihazlarının dövlət qeydiyyatı rüsumlarının artırılacağı ilə bağlı məlumat oldu. Amma məlum oldu ki, bununla bağlı rüsum artımı nəzərdə tutulmur. Elə isə bu xəbər haradan yayıldı?
- Mən iclasda da qeyd etdim, qanun layihəsi haqqında müfəssəl və etibarlı mənbə Milli Məclisin və onun komitələri tərəfindən yayılan rəsmi məlumatlardır. Nə komitələrin, nə də Milli Məclisin bununla bağlı rəsmi məlumatı olmadığı halda, belə bir doğru olmayan məlumatın yayılması cəmiyyətdə müəyyən ajiotaj yaratdı. Halbuki nə qanun layihəsində, nə də bizim müzakirə etdiyimiz məsələlərin içərisində bu iki istiqamət üzrə rüsumların dəyişdirilməsi və artırılmasıdan heç bir söhbət getmir. Burada yalnız yeganə fərq ondan ibarətdir ki, bu iki rüsum əvvəllər Nazirlər Kabinetinin qərarı ilə müəyyən olunurdu, indiki halda isə “Dövlət rüsumu haqqında” Qanunla müəyyən olunacaq. Qanuna bu maddələr salınıb, amma heç bir halda dəyişməyib. Ona görə fürsətdən istifadə edib tələsik, bir çox hallarda isə yoxlanılmadan, etibarlı olmayan mənbəyə istinadən məlumatların yayılması bizim işimizə zərbə vurur.
- Məsələyə operativ reaksiya olsaydı, bəlkə də ajiotaj bu qədər uzun davam etməzdir. Sanki bəzi dairələr xəbərin tirajlanmasına maraqlı oldular. Bəlkə avtomobil və telefon bazarını kurasiya edənlərin marağından irəli gəlirdi, ola bilərmi?