Bir müddətdir ki, işsiz kimi qeydiyyatdan keçən vətəndaşlar üçün Dövlət Məşğulluq Agentliyi tərəfindən SMS bildiriş göndərilir. SMS-də qeyd olunur ki, fərdi məşğulluq proqramının (FMP) tərtib olunması üçün Asan login vasitəsilə qeydiyyatdan keçmək lazımdır. FMP tərtib etmək mümkün olmadıqda isə müvafiq tədbir görüləcək. Həmin SMS bildirişlər vətəndaşlar arasında çaşqınlığa səbəb olub.
Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən Pravda.az-ın sorğusuna cavab olaraq bildirilib ki, işsiz kimi qeydiyyatdan keçən şəxs üçün fərdi məşğulluq proqramının və onun icrasına dair hesabat formasının həmin şəxsə təqdim edilməsi prosesi elektronlaşdırılıb.
Məlumata əsasən, fərdi məşğulluq proqramı işsiz şəxsin işə düzəlməsinə kömək məqsədi ilə hazırlanan və aktiv məşğulluq tədbirlərinin konkret həcmini, növünü və icra müddətini müəyyən edən sənəddir. İşsiz şəxsə onunla bağlı fərdi məşğulluq proqramının tərtib edildiyi barədə SMS bildiriş göndərilir və proqram həmin şəxsin işsiz kimi qeydiyyatdan keçərkən “Məşğulluq” altsistemində formalaşan şəxsi kabinetinə yerləşdirilir. İşsiz şəxs mesajı aldıqdan sonra e-sosial.az portalında “MS işaxtaranlar” bölməsində “fərdi məşğulluq” pəncərəsinə daxil olaraq onun üçün tərtib olunmuş fərdi məşğulluq proqramını təsdiqləyə və ya ondan imtina edə bilər. Şəxs barəsində tərtib edilmiş fərdi məşğulluq proqramını təsdiq etdikdən sonra müəyyən edilmiş tədbirlərin icrasını təmin etməli və ayın sonuncu iş gününə kimi bu barədə hesabat təqdim etməlidir.