“Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq Baş Prokurorluq tərəfindən elan edilmiş müsabiqənin yazılı imtahan mərhələsinin vaxtı açıqlanıb.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, imtahan koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi xüsusi karantin rejiminə dair qaydaların tələblərinə riayət edilməklə noyabrın 19-da saat 10:00-dan başlayaraq 4 saat müddətində Azərbaycan Texniki Universitetinin “İdman Sarayı”nda (ünvan: Bakı şəhəri, Ayna Sultanova küçəsi 5) keçiriləcək.
İmtahanı müşahidə etmək üçün müvafiq qurumların, o cümlədən qeyri-hökumət təşkilatlarının nümayəndələri dəvət ediləcək.
Yazılı imtahana buraxılmış namizədlər “Yazılı imtahana buraxılış vərəqəsi”ni və şəxsiyyət vəsiqəsinin əslini təqdim etməklə imtahanda iştirak edə bilərlər.