"Hər kəs fərqli fikir və düşüncəyə sahibdir. Təəssüflər olsun ki, müəyyən qrup insan təbii fəlakətləri belə siyasiləşdirirlər. Məsələni ayrı-ayrı şəxslərə, dövlətə və ya məmurlara yönəldirlər. Hava şəraiti ilə əlaqədar təkcə Azərbaycanda deyil, bütün dünya ölkələrində zaman-zaman müxtəlif fəsadlar meydana gəlir. Evlər, maşınlar ziyan görür, hətta əhali arasında da itki olur”.
Bunu Pravda.az-a açıqlamasında deputat Tahir Rzayev ötən gün güclü külək nəticəsində Milli Məclisin inzibati binasının üzlüyünün qopması xəbərinə sosial şəbəkələrdə yazılan mənfi şərhlərə münasibət bildirərkən deyib.
Parlament üzvü qeyd edib ki, bu, təbii haldır, külək üzlüklərin hətta ikisini, üçünü də qoparıb yararsız hala sala bilərdi: "Belə təbii fəlakətlərdən siyasi şou yaratmaq tərbiyəsizlikdir. Milli Məclisdə görkəmli xadimlər, akademiklər, 40-50 il dövlətə xidmət göstərmiş ziyalılar, istedadlı xanımlar və xeyli bacarıqlı gənclər var. Yəni, külək Milli Məclisin binasının üzlüyünü qoparıb deyə xoşagəlməz şərh yazanları pis qarşılayıram. Xoşagəlməz münasibət bildirənlərin heç birinin Milli Məclisin deputatları haqqında aydın təsəvvürləri yoxdur. Həmin qrupa məxsus şəxslər kiminsə təhriki ilə Milli Məclisin və ya dövlətin imicinə xələl gətirərək qidalanırlar. Bu, düzgün yol deyil. Başa düşmək lazımdır ki, insan və cəmiyyət varsa, təbii fəlakətlər də qaçılmazdır. Tövsiyə edirəm ki, insan faciəsindən, təbii fəlakətdən siyasi şou yaratmasınlar".
Nəzrin Cavid