“İqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Parlamentdə büdcə müzakirələri zamanı deyib ki, ölkənin yeni straeteji inkişaf proqramı qəbul ediləcək, Azərbaycanın 2030-cu ilə qədər inkişaf istiqamətləri və hədəfləri müəyyən ediləcək. Əsas hədəflərdən biri də ölkənin neftdən asılılığının sıfıra endirilməsidir. Nə deyim, gözəl arzulardır, yaxşı sağlıqdır, amma reallıq tamam başqadır. Əvvəl ondan başlayaq ki, 2012-ci ildə “Azərbaycan-2020” konsepsiyası qəbul edilmişdi. Bu sənəddə də gözəl arzular, istəklər, cümlələr, hədəflər var idi, amma tutmadı. Hökumət də həmin konsepsiyanın icra olunmamasının, “suya düşməsinin” səbəblərini, səhvləri izah etmədi. Biz bununla bağlı heç bir analiz görmədik. İndi isə kağız üzərində növbəti dəfə gözəl arzuların ifadəsini görürük, lakin yenə də problemlərin kökü haqqında heç bir analiz yoxdur”.
Pravda.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Natiq Cəfərli məlumat paylaşıb.
O qeyd edib ki, “Azərbaycan -2020” konsepsiyasında əsas hədəflərdən biri 2020-ci ildə məmləkətdə adambaşına düşən ÜDM-nin 13 min dollara qaldırılacağı idi: “Reallıqda isə 2020-ci ildə adambaşına düşən ÜDM 4 min 271 dollar oldu. Yəni, hədəfdən 3 dəfə az göstərici ilə proqramı yekunlaşdırdılar, amma buna görə heç kim cavab verməd. Həmçinin “Azərbaycan-2020” konsepsiyasında məmləkətdə qeyri-neft sektorunun ixracının adambaşına 1000 dollar olacağı hədəf seçilmiş, lakin reallıqda isə 2020-ci ildə adambaşına 189 dollarlıq qeyri-neft ixracı baş verdi. Yəni, hədəfdən 5 dəfə az real rəqəmlərlə rastlaşdıq”.
N.Cəfərli qeyd edib ki, bu siyahını uzatmaq da olar, amma məğzi artıq aydındır: “Ölkədə iqtisadi, sosial problemlərin həlli Mikayıl müəllimin, digər nazir və məmurların gözəl sağlıqlar, arzular söyləmələri ilə olmayacaq. Həll yolu iqtisadiyyatda deyil, çünki əsas səbəblər idarəetmə sisteminin dəyişdirilməsində, məhkəmə hakimiyyəti və hüquq-mühafizə sahəsinin islahatlarındadır. Bunu deməkdən yorulduq, amma söyləməyə davam edəcəyik. Ölkədə rifaha gedən yol Konstitusiyanın dəyişdirilməsindən, yeni idarəetmə sisteminin qurulmasından keçir!”.