İranda səfərdə olan Azərbaycan baş nazirinin müavini, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev bu ölkənin yol və şəhərsalma naziri Rüstəm Qasimi ilə görüşüb.
Pravda.az-ın məlumatına görə, Ş. Mustafayev iki ölkə arasında əməkdaşlıq üçün geniş potensialın olduğunu bildirib.
Baş nazir Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının növbəti iclasının Azərbaycanda keçirilməsi ilə bağlı müzakirə aparılacağını söyləyib: “Enerji sahəsində çoxsaylı layihələrimiz var, həmin layihələrin bəzisi artıq tamamlanmaq üzrədir. Avtomobil hissələrinin istehsalı, kənd təsərrüfatı və kənd təsərrüfatı avadanlıqları sahələrində də əməkdaşlıq edə bilərik".
Ş.Mustafayev qeyd edib ki, ötən 9 ayda iki ölkə arasında ticarət dövriyyəsi 22 faiz artıb: "Hazırda iki ölkə arasında güzəştli ticarət sahəsində əməkdaşlıq üçün sənəd hazırlanır. Azərbaycanda 100 İran şirkəti qeydiyyatdan keçib, onlar çox uğurlu layihələr icra edir. Digər tərəfdən, koronavirus pandemiyası bütün ölkələrin ticarət əlaqələrinə ziyan vurub, lakin pandemiya İran və Azərbaycan arasında ticarət əlaqələrinə təsir göstərməyib. Biz bu dövrdə tranzit əlaqələrimizi davam etdirmişik”.
İki ölkə arasındakı infrastrukturun inkişaf etdirilməsinin zəruriliyindən danışan Ş.Mustafayev bildirib ki, Şimal-Cənub Nəqliyyat Dəhlizi layihəsi çox önəmli layihədir: “Biz hazırda bu layihə üzərində işləyirik. Neft və qaz sahəsində əməkdaşlıq üçün də bu gün danışıq apardıq, işçi qrup da müzakirələrini davam etdirir. Yaxın gələcəkdə yaxşı işlərin şahidi olacağıq."