Ermənistanda film kimi bir cinayətin detalları üzə çıxıb.
İkinci Qarabağ Müharibəsindən sonra itkin düşən erməni hərbçilərin qohumlarına özünü azərbaycanlı “Əziz Muradov” kimi təqdim edən Ermənistan vətəndaşı həbs edilib.
Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, “Facebook” sosial şəbəkəsində özünü “Əziz Muradov” olaraq təqdim edən erməni milliyətindən olan şəxs itkin düşən hərbçilərin qadın qohumları ilə əlaqə saxlayıb. “Əziz Muradov” itkin əsgərlərin doğmalarına onların Azərbaycanda harada saxlanıldığı və saxlanma şəraiti barədə yalan məlumatlar verib. Özünü azərbaycanlı kimi təqdim edən həmin şəxs itkin düşənlərin qadın yaxınlarından- arvadları, qızları, bacıları və analarından ona özlərinin çılpaq fotolarını, videolarını göndərmələrini tələb edib. Əks halda o, əsir götürülən erməni əsgərləri öldürməklə və ya təhqir etməklə hədələyib.
Məlumata görə, Facebook istifadəçisi olan həmin erməni 16 yaşından kiçik qız da daxil olmaqla bir qrup qadını istismar edib və onları hədələyib.
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin həbs ediyi “Əziz Muradov” törətdiyi əməli etiraf edib və üzr istəyib.
"Facebook-da azərbaycanlı kimi - Əziz Muradov ad və soyadı ilə qeydiyyatdan keçdim. Fürsətdən istifadə edib itkin düşənlərin valideynlərindən, bacılarından və arvadlarından onların çılpaq fotolarını istədim. Məqsədim həmin qadınları öz şəkilləri ilə şantaj etmək, onları qardaşlarına, oğullarına və ya ərlərinə göstərməklə hədələmək idi. Həmin qadınları hədələmişdim ki, əgər çılpaq şəkillərini göndərməsələr, əsir düşən oğullarına, qardaşlarına, ya da ərlərinə zərər verəcəm. Törətdiyim hərəkəti etiraf edirəm, peşmanam, bunu cinsi ehtiyacdan ötrü etmişəm”, -deyə “Əziz Muradov” istintaqa ifadəsində bildirib.
“Əziz Muradov”un hədəfinə düşən erməni ailələrdən birinin Qaraxanyanlar olduğu bildirilir. Bu ilin yanvar ayında aparılan axtarış tədbirləri zamanı müharibə iştirakçısı, 43 yaşlı Arsen Qaraxanyanın meyiti tapılıb. 4 uşaq atası olan Arsen Hadrut sakini olub. Ailəsi üç ay ondan xəbər ala bilməyib. Erməni hərbçinin arvadı bildirib ki, ərindən 3 ay xəbər çıxmayanda onlar “Əziz Muradov”dan Arsen haqda “məlumat” öyrəniblər. Belə ki, “Əziz Muradov” Qaraxanyanlara bir video göndərib. Yazıb ki, “Arsen sağdır, bizimlədir”.