Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti “Veysəloğlu” şirkətində yoxlamalara başlayacaq.
Pravda.az xəbər verir ki, bu barədə Vergilər Nazirliyindəki mənbə məlumat verib.
Bildirilir ki, 2022-ci ilin yanvar ayının əvvəlində “Veysəloğlu” şirkətinə məxsus olan onlarla müəssisədə səyyar vergi yoxlamaları həyata keçiriləcək. Şirkətdə yoxlamaların aparılması ilə bağlı qərarın ən üst səviyyədə verildiyi qeyd olunur. Məhsullarını vergi ödəyiciləri vasitəsilə satışa çıxaran “Veysəloğlu” şirkətinin məhz bu yolla vergidən yayındığı və dövlətə külli miqdarda ziyan vurduğu bildirilir.
Mənbə iddia edir ki, “Veysəloğlu” şirkətinin rəhbərliyi Vergilər Nazirliyində müəyyən şəxslərlə işbirliyi qurub. Elə buna görə də şirkətin bir neçə dəfə cərimə edilməsinə baxmayara, külli miqdarda vergidən yayınma hallarına son verilmir.
Qeyd edək ki, 2019-cu ilin əvvəlində də “Veysəloğlu” şirkətində səyyar yoxlamalar aparılmış və külli miqdarda vergidən yayınma halları aşkar edilmişdi. Məhz bu qanunsuzluğa görə “Veysəloğlu” şirkətinə 2 milyon manatlıq maliyyə sanksiyası da tətbiq edilmişdi.