Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov "MEDİA islahatları: Yeni hədəflərə doğru" adlı məqalə yazıb.
Məqaləni təqdim edirik.
"2020-ci ilin sonlarında Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun Vətən Müharibəsində qazandığı Zəfər tariximizin ən parlaq səhifələrindən biri kimi xalqmızın milli iftixar və qürur mənbəyinə çevrilmişdir. İşğal altındakı torpaqlarmız azad edildikdən sonra dövlətimizin inkişafı, iqtisadiyyatımızın gücləndirilməsi, milli təhlükəsizlik, xalqın rifah səviyyəsinin yüksəldilməsi istiqamətində işlər daha böyük sürətlə həyata keçirilməyə başladı, azad edilmiş torpaqlarımızda infrastrukturun və ekoloji tarazlığın bərpası prioritet vəzifələrdən biri kimi müəyyən edildi.
Formalaşmış yeni reallıqlar çərçivəsində Azərbaycanda informasiya mühitinin qorunması, əhalinin düzgün və obyektiv informasiya əldə edə bilməsi üçün müvafiq şəraitin yaradılması, media sahəsinin inkişaf etdirilməsi məsələsi də daha böyük əhəmiyyət kəsb etməyə başlamışdır. Bununla əlaqədar 2021-ci il yanvarın 12-də Azərbaycan Respublikası Prezidenti “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərman imzalamış və bununla da media sahəsinin inkişafı məsələlərinin dövlətin diqqətində olduğunu bir daha təsdiq etmişdir.
Qloballaşan dünyada yüksək sürətlə baş verən informasiyalaşma prosesi, demək olar ki, bütün ölkələri əhatə etməkdədir. Lakin belə şərait heç də bütün ölkələr üçün bərabər şərtlər təqdim etmir. Sirr deyil ki, daha böyük və informasiya texnologiyaları cəhətdən daha çox inkişaf etmiş dövlətlər bu sahədə daha qabaqcıl mövqelərdə dayanmaqla nüfuz və təsir imkanlarını öz maraq dairələrinə daxil olan mümkün qədər geniş dairəyə tətbiq etməyə çalışırlar. Bu mənada, 44 günlük Vətən müharibəsindən sonra və son dövrlərdə regionumuzda baş verən digər hadisələr fonunda dünya siyasətinin gündəminə daha çox gələn Azərbaycan özünün geostrateji mövqeyi, regiondakı nüfuzu və beynəlxalq təşkilatlardakı çəkisi sayəsində qeyd olunan xarici aktorların maraq dairəsinə daha intensiv şəkildə düşməkdədir. Qeyd edilən Fərman həm də belə bir vəziyyətdə ölkədə daxili informasiya məkanının təhlükəsizliyinin təmin edilməsi, milli media məhsulu istehsalının stimullaşdırılması, yerli medianın inkişafının təşviq edilməsi və rəqabətədavamlı medianın formalaşdırılması, informasiya mühitində münasibətlərin hüquqi nizamlanması, habelə Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə effektiv şəkildə çatdırılması məqsədilə yeni konseptual yanaşmanın, yol xəritəsi rolunu oynayacaq sənədin hazırlanması ilə bağlı yaranmış ciddi zərurətlə əlaqədar imzalanmışdır.
Həmin Fərmana əsasən yaradılmış Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) Azərbaycan mediasının qlobal informasiya mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinə uyğun olaraq modernləşmə, rasionallıq, qabaqcıl texnologiyaların geniş tətbiqi, aparıcı trendlərin izlənilməsi və digər mühüm şərtləri özündə birləşdirən innovativ təkamülün yaratdığı imkanlardan daha çox bəhrələnə bilməsi, media sahəsində institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması məqsədilə təsis edilmişdir. Fəaliyyətini şəffaflıq və vətəndaş məmnunluğu prinsipləri üzərində quran Agentlik Nizamnaməsinə uyğun olaraq media subyektlərinin, redaksiyaların, jurnalistlərin reyestrinin aparılması, o cümlədən onlayn mediaya dair məsələləri, reklam, reytinq, mediada biznes modellerərinin təşviq edilməsi kimi əhəmiyyətli fəaliyyət istiqamətlərinin inkişafı ilə əlaqədar funksiya və səlahiyətləri də özündə birləşdirir.
Media sahəsində həyata keçirilən islahatlar mahiyyət etibarilə özündə media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsasları, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı, yayımı və s. dair məsələlərin daha təkmil formada həll edilməsinə yönəlmiş tədbirləri ehtiva edir. Bura normativ hüquqi bazanın yenilənməsi və təkmilləşdirilməsi, media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin peşəkarlığının, məsuliyyətinin və cəmiyyətin media savadlılığının artırılması, həmçinin media sahəsində institusional islahatların həyata keçirilməsi aid edilə bilər.
Bu mənada yeni qanunun qəbul edilməsi hazırda son dərəcə aktualdır və əminliklə demək olar ki, zərurətə çevrilmişdir. Bu qanun peşəkar media subyektləri və jurnalistlər üçün geniş imkanlar və potensial güzəşt və imtiyazlar üçün hüquqi əsas yaradacaq, ölkə mediasının daha yüksək inkişaf mərhələsinə keçidinə dəstək olacaqdır. Lakin unudulmamalıdır ki, media bir prosesdir və həmin prosesdə media subyektləri və jurnalistlər iştirakçıların yalnız bir qrupu – xəbərin, media məhsulunun istehsalçısıdırlar. Onlarla yanaşı həmin prosesdə bu media məhsullarının istehlakçıları – auditoriya, yəni qəzet və sayt oxucuları, televiziya tamaşaçıları, radio dinləyiciləri və s. da iştirak edir. Yeni qanun layihəsi hazırlanarkən Azərbaycan Respublikasının Konstitusiyası, qanunvericilik bazası, beynəlxalq qanunvericilik və müxtəlif digər sənədlər nəzərə alınmışdır. Məsələn, Avropa Şurasının “Jurnalistika Etikası” ilə bağlı qəbul etdiyi Qətnamənin müddəalarına uyğun olaraq yeni layihədə bütün tərəflərin, o cümlədən media məhsulu islehlakçısının da maraqları nəzərə alınmış, onların hüquqlarının qorunması təmin edilmişdir.
Hələ Milli Məclisə təqdim edilənədək qanun layihəsinin onlarla media subyektində təqdimatı olmuş və yüzlərlə (800-ə yaxın) jurnalistin iştirakı ilə müzakirəsi həyata keçirilmişdir. Medianın İnkişafı Agentliyi və Milli Televiziya və Radio Şurası tərəfindən layihə ilə əlaqədar bütün suallara və qaranlıq məqamlara aydınlıq gətirilməsi məqsədilə ictimaiyyətlə effektiv kommunikasiya qurulmuşdur və maraq doğuran məqamlara operativ və ətraflı izahlar verilməkdədir.
Bundan əlavə, hazırda ölkədə media sahəsinə dair qanunvericiliyin təkmilləşdirilməsi, ifadə azadlığının daha çox təmin edilməsi istiqamətində müvafiq iş davam etdirilir, qanunvericilikdə mövcud olan bəzi tələblərin yumşaldılması imkanları təhlil edilir.
İstənilən ölkədə medianın inkişafının ilkin şərtlərindən biri jurnalistlərin peşəkarlığının artırılması, onların probleməri və ehtiyacları ilə bağlı tədbirlərin görülməsidir. Agentlik bu istiqamətdə istər müstəqil şəkildə, istərsə də yerli və xarici tərəfdaşlarla birgə müntəzəm olaraq müxtəlif təlimlər, treninqlər və digər tədbirlər həyata keçirməkdədir. Bununla yanaşı, Agentlik tərəfindən media subyektlərinin rəhbərləri üçün menecment və idarəetməyə dair xüsusi seminarlar, region mediasının inkişafı ilə bağlı müxtəlif bölgələri təmsil edən media subyektlərinin nümayəndələri ilə videokonfrans formatında görüş təşkil edilmişdir.
Hər bir sahədə olduğu kimi, media sahəsində də peşəkarlığın əsas göstəricilərindən biri peşə etikası faktorudur. Mediada peşə etikasına riayət edilməsi, müəllif hüquqları, məlumatların dəqiqliyi və qərəzsiz obyektiv yanaşmanın təmin edilməsi, əxlaq normalarının gözlənməsi və s. məsələlər peşəkar medianın inkişaf etdirilməsi kontekstində daim diqqətimizdə saxlanılır və bu istiqamətdə müvafiq tədbirlər həyata keçirilir.
Bildiyiniz kimi, medianın funksiyalarından biri dövlət qurumlarının timsalında dövlətlə cəmiyyət arasında sağlam kommunikasiyanın qurulması, onun fəaliyyəti haqqında informasiyanın ictimaiyyətə doğru çatdırılmasıdır. Bu məqamı vaxtilə hələ ümummilli lider Ulu Öndər Heydər Əliyev çox incəliklə duymuş və “mətbuat – dövləti və cəmiyyəti birləşdirən canlı sinirdir” şəklində son dərəcə dəqiq ifadə etmişdir. Biz bu izahı daim diqqətdə saxlayır, mətbuatın fəlsəfəsinin doğru qavranılması üçün onu öz fəaliyyətimizdə rəhbər tuturuq. Bu məsələdə dövlət qurumlarının mətbuat katibləri və ictimaiyyətlə əlaqələr üzrə digər məsul əməkdaşlarının peşəkarlıq səviyyəsi mühüm rol oynayır. Agentlik tərəfindən ADA Universiteti ilə birgə həmin əməkdaşlar üçün xüsusi təlimlər təşkil edilmiş, bu təlimlərə dövlətin həm mülki qurmlarının, həm də hüquq mühafizə və digər qeyri-mülki orqanlarının müvafiq nümayəndələri cəlb edilmişdir.
Ötən dövr ərzində Agentlik tərəfindən Baş Prokurorluq, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Dövlət Turizm Agentliyi və digər dövlət qurumları ilə müxtəlif layihələr də həyata keçirilmişdir.
Agentlik tərəfindən təşkil edilən və müxtəlif kateqoriyalara istiqamətlənmiş bütün bu tədbirlərin əsas məqsədlərindən biri informasiya və xəbər mühitini sağlamlaşdırmaq, bu sahədə peşəkarlıq səviyyəsini yüksəltmək, jurnalistika peşəsinin cəmiyyətdə nüfuzunu qaldırmaq, onu yüksək keyfiyyət standartlarına uyğunlaşdırmaqla məsuliyyətsiz və qeyri-peşəkar təzahürlərdən azad etməkdən ibarətdir.
Onu da qeyd edək ki, Agentlik tərəfindən jurnalistlərin rifahının yüksəldilməsi və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində müxtəlif layihələr işlənib hazırlanmaqdadır. Media reyestrının tətbiqi ilə bu istiqamətdə aidiyyəti dövlət qurumları ilə birgə konkret layihələrin həyata keçirilməsi nəzərdə tutulur.