Bu gün Milli Məclis sədrinin müavini Adil Əliyevin, deputatlar Sabir Rüstəmxanlının, Aqil Abbasın, şəhid ailələrinin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə 207 saylı məktəbdə Vətən Müharibəsi şəhidi, baş leytenant Səid Rəşidzadənin barilyefinin açılışı olub.


Pravda.az-ın xəbərinə görə şəhid Səid Rəşidzadə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi Rəşadətli Ordumuzun tərkibində həm Aprel döyüşlərinin, həm də Vətən müharibəsinin iştirakçısı olub.


Müharibədə göstərdiyi şücaətə görə dövlət başçısı tərəfindən ölümündən sonra "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.


Əzəli və əbədi torpaqlarımızın düşmən işğalından birdəfəlik azad edilməsi məqsədilə Prezident, Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi Şanlı Ordumuzun döyüş meydanında göstərdiyi yüksək hünər hesabına tarixi torpaqlarımız uzun illərdən sonra azaddır. Üçrəngli bayrağımız Vətən göylərində böyük məğrurluqla dalğalanır. Bizə bu möhtəşəm qələbəni yaşadanların yeri hər zaman qəlbimizdədir, Allah şəhidlərimizə rəhmət, ailələrinə səbr, qazilərimizə şəfa versin.


Şəhidlərimizin müqəddəs ruhu qarşısında dərin hörmət və ehtiramla baş əyirik.