"Ukrayna Azərbaycanlıları Konqresinin Nikolayev vilayəti üzrə Ağsaqqallar Şurasının sədri, Baştan rayonunun deputatı, tanınmış fermer, əslən Şəmkir rayonundan olan Ukrayna vətəndaşı Kamran Həsənov 2 rus əsgərini əsir götürüb və aidiyyatı üzrə təhvil verib"
Bu haqda Birləşmiş Ukrayna Azərbaycan Konqresinin aparat rəhbəri Xəyyam Həqiqətoğlu məlumat verib.
"Martın 1-də Rusiya hərbi texnika karvanı Baştan qəsəbəsi vasitəsilə Nikolayevə doğru hərəkət edirdi. Toqquşmadan sonra ərazidə xeyli sayda hərbi texnika qalmışdı. Döyüş başa çatdıqdan sonra texnikasız qalan rus əsgərləri meşə plantasiyalarından və yaşayış məntəqələrindən keçərək qaçdılar. Bu anda yerli sakinlər, özünümüdafiə dəstəsinə daxil olan fermerlər həmin 2 rus əsgərini saxlayıblar. Yerli özünümüdafiə rəhbərlərindən biri, Ukrayna Azərbaycanlıları Konqresinin Nikolayev vilayəti üzrə Ağsaqqallar Şurasının sədri, Baştan rayonunun deputatı, tanınmış fermer Həsənov Kamran Həsənoğlu öz dəstəsi ilə birgə iki silahlı düşmən rus əsgərini zərərsizləşdirib və saxlayıb.
Axtarış zamanı onlardan "Kalaşnikov” avtomatı, qumbaraatan, döyüş sursatı və SVD aşkar edilərək götürülüb. Dindirildikdən sonra əsgərlər aidiyyəti üzrə orqanlara təhvil verilib.