“Müasir dünyada dövlətlər arasında etimadsızlıq mühiti formalaşıb. Bu reallıq fonunda Azərbaycan və Türkiyənin sağlam əlaqələri "dövlətlərarası münasibətlər necə olmalıdır?" sualına ən düzgün cavabı verir. Azərbaycan-Türkiyə münasibətləri dostluq, qardaşlıq, strateji müttəfiqliyə söykənir. Bu zirvənin əldə edilməsində, sözsüz ki, Azərbaycan Prezidenti İlham Əliyev və onun türkiyəli həmkarı, qardaşı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müstəsna xidmətləri var".
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Deputat qeyd edib ki, təxminən eyni vaxtda hakimiyyətə gələn hər iki dövlət başçısı ötən müddət ərzində həm öz ölkələrinin inkişafı, həm də Azərbaycan və Türkiyə münasibətlərinin indiki ali səviyyəsini təmin ediblər. Bu münasibətlər bütün sahələri əhatə edir, elə bir sahə yoxdur ki, orada inkişaf tempi hiss olunmasın. Xüsusilə də ötən ilin iyunun 15-də imzalanmış Şuşa Bəyannaməsi sayəsində iki ölkənin münasibətləri strateji müttəfiqlik səviyyəsinə qalxdı. Bəyannamə, həmçinin Azərbaycan və Türkiyənin hərbi müttəfiqliyi deməkdir. Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə ötən gün baş tutan işgüzar səfəri də münasibətlərin möhkəmliyinin ifadəsi oldu. Görüşdə hər iki dövlət başçısı münasibətlərin inkişafını təmin etmək üçün bütün səylərini səfərbər edəcəklərini bildirdilər. Səfər çərçivəsində Cənubi Qafqaz və təhlükəsizlik, bu kontekstdə Azərbaycan-Ermənistan münasibətlərinin qurulması, etimad mühitinin yaradılması, delimitasiya və demarkasiya, Zəngəzur dəhlizinin açılması və eyni zamanda, Türkiyə və Ermənistan münasibətləri kimi mühüm məsələlər ətrafında müzakirələr aparıldı. Hər iki qardaş dövlətin ortaq mövqeyi bəllidir. Həmin mövqe regionda davamlı və uzunmüddətli əməkdaşlıq mühitinin formalaşdırılması ilə bağlıdır. Bu mühitin formalaşması üçün isə həm Azərbaycan, həm də Türkiyə istənilən addımı atmağa hazırdır".
Nəzrin Cavid