Baş nazir zəruri ərzaq məhsullarının və onların istehsalında istifadə olunan malların ölkədən çıxarılmasını tənzimləyəcək qərar imzalayıb. Yeni qərarla zəruri qida və digər bəzi məhsulların ixracı xüsusi icazə ilə mümkün olacaq. Ekspertlər deyirlər ki, Azərbaycanda ərzaq məhsullarının təminatında problem yoxdur və hazırda anbarlarda, eləcə də bazarlarda bolluqdur. Hökumət sadəcə bu qərarla qabaqlayıcı tədbir görmüş oldu. Yəni əsas məsələ xaricdən asılılığı azaltmaqla, daxili bazarda bolluq yaratmaq və qiymət artımının qarşısını almaqdır.
Minimum istehlak səbətinin tərkibinə daxil olan bir sıra əsas ərzaq mallarının ölkədən çıxarılması bundan sonra tənzimlənəcək. Bununla bağlı Baş nazir qərar imzalayıb. Qərara əsasən diri iri və xırdabuynuzlu mal-qara, onların əti, toyuq əti və məhsulları, qatılaşdırılmış süd və qaymaq, yağlar, dənli bitkilər, körpə uşaqlar üçün yeməklər, makaron məhsulları və heyvanlar üçün hazır yemlərin ölkədən çıxarılması İqtisadiyyat Nazirliyinin müsbət rəyi əsasında mümkün olacaq.
İqtisadçı ekspert Xalid Kərimli deyir ki, bundan sonra bu qərarla müəyyən edilən ərzaq mallarının başqa ölkəyə aparılmasına Azərbaycanda mövcud olan ehtiyatlar və əhalinin müvafiq mallar ilə qısamüddətli dövrdə təminatı ilə bağlı proqnoz əsas götürülməklə icazə veriləcək. Baş verən geosiyasi proseslər səbəbindən dünya bazarlarında əsas ərzaq mallarının qiymətlərinin artması fonunda hökümətin belə bir qabaqlayıcı addım atması təqdirə layiqdir. Hökümətin bu qərarı xarici asılılığı azaltmaqla daxili bazarı qoruyacaq, potensial qiymət artımını önləyəcək və yaranabiləcək problemləri indidən qabaqlayacaq.