Medianın İnkişafı Agentliyində (MEDİA) Özbəkistanın Milli İnformasiya Agentliyi UzA-nın rəhbərliyi - baş direktorun birinci müavini Sobir Şukurov, baş redaktor Qayrat Xonnazarov, eləcə də Özbəkistan Nazirlər Kabinetinin Turizm, Mədəniyyət və Kütləvi Kommunikasiyalar katibliyinin sektor müdiri Şahobiddin Musayevlə görüş keçirilib.
Görüş zamanı MEDİA-nın icraçı direktoru Əhməd İsmayılov qonaqları Azərbaycanda bir müddət əvvəl qəbul edilmiş “Media haqqında” qanun, bu qanunun üstünlükləri, eləcə də ölkədə vahid media reyestrinin yaradılması layihəsi barədə məlumatlandırıb. Ə.İsmayılov nümayəndə heyətinə bu reyestrin işə salınmasından sonra Azərbaycan KİV nümayəndələrinin yararlana biləcəyi imtiyazlar barədə ətraflı məlumat verib. O əlavə edib ki, onlayn mediada işləyən jurnalistlər də rəsmi status alıb.
Agentlik rəhbəri, həmçinin özbəkistanlı həmkarlarını Azərbaycan mediasında kadr potensialının inkişafı ilə bağlı müxtəlif layihələr, ADA Universiteti və Bakı Dövlət Universiteti ilə birgə təşkil olunan ixtisas artırılması proqramları, məşğələlər, çap mediası və xəbər saytlarına dəstək proqramları, eləcə də digər təşəbbüslər barədə məlumatlandırıb.