Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən azad edilmiş ərazilərimizdə bütün sahələrdə bərpa-quruculuq və tikinti işləri davam edir.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Burada dislokasiya olunmuş bölmələrin xidməti-döyüş fəaliyyətinin təşkili, hərtərəfli təminatı və sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı qarşıda duran tapşırıqlar planlı şəkildə icra olunur.
Çətin relyefli və sərt iqlim şəraitli ərazilərdə gecə və gündüz fasiləsiz xidmət aparan şəxsi heyətin döyüş qabiliyyətinin daha da artırılması, döyüşə hazırolma vəziyyətinin yüksək səviyyədə saxlanılması üçün müasir tipli hərbi infrastruktur obyekləri inşa edilir, eləcə də digər zəruri tədbirlər həyata keçirilir.
Yeni yaradılmış mövqelərdə, yerləşmə məntəqələrində və hərbi şəhərciklərdə döyüş növbətçiliyi aparan şəxsi heyətin rahat xidmət aparmasını təmin etmək üçün yataq ləvazimatları, müasir mebellər, mətbəx avadanlıqları, ehtiyat qida və əmlakın saxlanması üçün anbarlar, rahat yataqxanalar, xidməti otaqlar, sanitar qovşaqlar, həmçinin tibb məntəqələri və digər obyektlər mövcuddur. Bütün şəhərciklər və modul tipli yerləşmə məntəqələri mərkəzləşdirilmiş istilik sistemi, işıq, su və dayanıqlı rabitə, həmçinin fasiləsiz elektrik enerjinin təminatı üçün generatorlarla təchiz olunub.