“Kazinolara getmişəm, əlim də gətirib”
Məşhur azərbaycanlı iş adamı Hafiz Məmmədov jurnalist Eynulla Fətullayevə müsahibə verib.
Hafiz Məmmədov müsahibəsində əvvəlcə qısa müddətli həbsə düşməyindən danışır. Onun dediyinə görə, bir neçə iri şirkəti, 2 milyard dollara yaxın dövriyyəsi biznesinin olmasına baxmayaraq onun doğrudan da 850 min manat təsdiqlənmiş vergi borcu olub və saxlanılıb: “Çox şükür ki, bizi başa düşdülər. Borcun bir qismi ödənib. Digər hissəsini də qısa zamanda ödəyəcəm”.
Söhbət zamanı məlum olub ki, onun atası Məcid Məmmədov o vaxt Hacı Məmmədovun dəstəsi tərəfindən oğurlanıb. İş adamı isə atasını girovluqdan xilas etmək üçün 2 milyon avro ödəyib. Maraqlısı odur ki, pullar 500 avroluq əsginaslarla ödənib və istintaq məhz bu məqamdan sonra dəstənin izinə düşə bilib. Amma Hafiz Məmmədov hadisənin tam təfərrüatları ilə bağlı danışmaq istəməyib.
Hafiz Məmmədov bildirib ki, ilk pulların metal alverindən qazanmağa başlayıb. Daha sonra isə özünün də dediyi kimi, “sivil biznesə” keçib. “Baghlan Group”u təsis edib, nəqliyyat, tikinti, neft, bank sektoruna baş vurub.
İş adamı sahibi olduğu “Bank of Azerbaycan”dan da söz açıb. Qısa zamanda onun kapitalını 50 milyon manata çatdırdığını deyib.
O, 1 avroya Fransanın “Lans” klubun aldığını deyib. “Mən bu kluba 26 milyon avro vəsait yatıracaqdım”. Sən demə, iş adamı daha sonra İngiltərənin “Şeffild Yunayted” klubuna da sahib olmağa yaxın imiş: “Mən “Lans”ı vətənpərvərlik hislərimə görə aldım. Heç bir çirkli pul yuyulmasından söhbət gedə bilməzdim. Elə hesab etdim ki, vətənim üçün lazımdır. Hər bir iş adamının öz həqiqəti var. Mən inanırdım ki, “Lans”ın Azərbaycana çox köməyi dəyəcək”.