SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunun (NEZ) fəaliyyətini müvəqqəti dayandırması Azərbaycanda ən çox istehlak olunan Aİ-92 benzinin qıtlığının yaranacağı, qiymətinin bahalaşacağına dair müzakirələrə səbəb oldu. Müxtəlif mənbələrin yaydığı məlumatlarla bağlı SOCAR məcbur olaraq ikinci dəfə də açıqlama verdi.
Həmin açıqlamada NEZ-də aparılan yenidənqurma proqramı çərçivəsində 2022-ci il üzrə əsaslı təmirlə bağlı iş həcminin müəyyənləşdirilərək kompleks tədbirlər planının hazırlandığı qeyd olunur: “Nəticədə 4 aprel 2022-ci il tarixdən etibarən “NEZ” əsaslı planlı təmirə dayandırılıb. 2022-ci ilin əsaslı təmiri NEZ-də uzunmüddətli (bir ildən çox) fasilədən sonra həyata keçirilir, işlər həcminə və mürəkkəbliyinə görə əvvəlki illərin təmir işlərindən kəskin fərqlənir. Təmirə dayanma zamanı SOCAR və kənar təşkilatlardan 2000-dən çox işçi qüvvəsi cəlb ediləcək.
Əsaslı təmir müddəti ərzində respublikanın müvafiq mühərrik yanacaqları ilə fasiləsiz təmin olunması üçün SOCAR tərəfindən lazımi tədbirlər görülüb. Belə ki, NEZ-in strukturuna daxil olan keçmiş “Azərneftyağ” NEZ-in bir sıra qurğuları istismarını davam etdirəcək və müəyyən həcmdə kerosin, dizel və benzin istehsal olunacaq. Həmçinin ölkənin dizel və kerosin yanacaqlarına olan tələbatı NEZ-də formalaşdırılmış ehtiyatlar hesabına təmin ediləcək. Fevral ayından etibarən müvafiq yanacaq ehtiyatının formalaşdırılmasına başlanılıb və hazırda da davam etməkdədir. Bununla əlaqədar, NEZ-də aparılan əsaslı təmir işləri müddətində ölkədaxili tələbat tam həcmdə təmin ediləcək”.
Mövzu ilə bağlı “Yeni Müsavat”ın sorğusuna SOCAR-ın ictimaiyyətlə əlaqələr və kommunikasiya xidmətindən verilən cavabda qeyd olunur ki, Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ) təmir prosesi başlamamışdan əvvəl əmtəə sahəsində maksimum miqdarda Aİ-92 markalı avtomobil benzini ehtiyatı yığılıb: “NEZ təmirə dayanmadan öncə, təmir müddətində daxili tələbatın tam ödənilməsi məqsədilə 150 000 ton Aİ-92 markalı avtomobil benzininin idxalı planlaşdırılmışdır ki, onun 50 000 tonu artıq idxal olunmuşdur, 100 000-ton Aİ-92 markalı avtomobil benzinin idxalı isə qrafikə uyğun olaraq davam etdirilir”.