Ekspertlər deyirlər ki, rəqəmsal manatın ən böyük müsbət tərəfi pulun dövriyyəsinə nəzarət mexanizminin gücləndirilməsidir. Hara, nə qədər, kim tərəfindən ödənişlər olunur? Vergidən yayınmanın qarşısı alınır, kölgə iqtisadiyyatı aradan qaldırılır. Mövzu ilə bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edirik. Milli valyutanın rəqəmsal formasının yaradılması təcrübəsi ilə bağlı dünyanın müxtəlif ölkələrindən xəbərlər alırıq. Çin, Türkiyə, Yaponiya və s. ölkələrin adı bu siyahıda var. Avropa Mərkəzi Bankının məlumatlarında bildirilir ki, yaxın 5 ildə Avropa öz rəqəmsal avrosunu yaratmaq niyyətindədir.
“Artıq rəqəmsal manatın yaradılması istiqamətində işlərə başlanılıb. Hökumətdə bu barədə danışıqlar gedir”, - bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Bakıda keçirilən Beynəlxalq Bankçılıq Forumunda deyib. Rəqəmsal manatın yaradılması ilə bağlı Azərbaycan Mərkəzi Bankı (AMB) hələ aprel ayında məlumat vermişdi. Bildirilmişdi ki, rəqəmsal manat üçün infrastrukturun yaradılması istiqamətində işlərə başlanılıb.
“Kütləvi şəkildə icrası mümkün deyil”
İqtisadçı ekspert Eldəniz Əmirov deyir ki, beynəlxalq səviyyədə tətbiq edilən rəqəmsal innovativ həllərlə paralel Azərbaycanda da bu istiqamətdə işlər görülməlidir: “İstənilən innovativ həllərin tətbiqi müsbət haldır. Bəzi ölkələrdə rəsmən kriptovalyutaların tətbiq edildiyi dövrdə yaşayırıq. Buna görə də, milli valyutanın rəqəmsal formasının dövriyyəyə buraxılması zərurətdir. Çünki bunun özünün müxtəlif faydaları var. Hazırda bunun kütləvi şəkildə həyata keçirilməsi, təbii olaraq mümkün deyil, amma tədricən başlanılmalıdır. İllər üzrə strategiya hazırlanmalı, zamanla birinin həcmini azaltmaq, digər tərəfin həcminin artırılması ilə proses icra olunmalıdır”.
Maarifləndirmə, yenə də maarifləndirmə
E.Əmirov deyir ki, rəqəmsal manat dövriyyəyə buraxılarkən görülməli olan işlər var: “İnsanları psixoloji olaraq bu prosesə hazırlamaq, maarifləndirmə aparmaq lazımdır. Ölkəmizdə bank kartlarının sayı 10 milyonu keçib. O bank sahiblərinin əksəriyyəti marketlərin qarşısındakı bankomatdan pullarını çıxarırlar, sonra alış-veriş edib, ödənişləri nağd şəkildə həyata keçirirlər. Maaş, pensiya, digər ödənişlər köçən kimi kartdan çəkib evdə saxlayır. Ölkə əhalisinin böyük əksəriyyəti nağdsız ödənişlərə inanmır, bu və ya digər formada müəyyən etibarsızlıq nümayiş etdirirlər. Belə bir dönəmdə rəqəmsal manatın yaradılması müxtəlif prosedurları zəruri edir ki, onlardan birincisi maarifəndirmədir”.
İqtisadiyyatın “ağardılması”nda rolu
E.Əmirov bildirdi ki, rəqəmsal valyutanın çox böyük faydaları olacaq: “Nağdsız ödənişlərin təşviq edilməsi və insanların bu sahədə fəaliyyətinin artırılması istiqamətində dövlət bir sıra layihələr həyata keçirir. “ƏDV gerial” layihəsi də bu prinsiplə həyata keçirilir. Nağdsız ödənişlər dövlətə nəzarət imkanı verir. Rəqəmsal valyutanın tətbiqinin iqtisadiyyatın “ağardılması”nda, kölgə iqtisadiyyatının həcminin azaldılmasında müstəsna əhəmiyyəti olacaq. Rəqəmsal manatın dövriyyəyə buraxılmasının ən böyük müsbət tərəfi pulların dövriyyəsinə nəzarət mexanizminin gücləndirilməsidir. Hara, nə qədər, kim tərəfindən nə cür ödənişlər olunur? Vergidən yayınmanın qarşısı alınır, kölgə iqtisadiyyatı aradan qaldırılır. Rəqəmsal manat pula daha yaxşı nəzarət etmək üçün dövlətə gözəl üstünlük verir”.