“Time” jurnalında Saymon Şuster tərəfindən dərc edilmiş “Zelenskinin Dünyasında” məqaləsində Ukrayna dövlət başçısı Zelenskinin bir gününün necə keçdiyi, yaşadıqları, hiss etdikləri və s. məlumatlar yer alıb.
Rusiyanın Ukrayna ilə müharibə əməliyyatlarına başlamasından iki aydan çox zaman keçib. Bu zaman müddətində Ukrayna dövlət başçısı Zelenskinin Kiev şəhəri, Bankova küçəsində yerləşən qərargahında tarixi anlar yaşanıb. İlk dəfə cəbhə xəttinə getdikdə nələr hiss etdi?
İki aydır televiziyalarda üzərində xaki rəngdə eyni köynəklə görməyə alışdığımız Ukrayna lideri çiyinlərində bir ölkənin məsuliyyətini daşıyır. Uzun zamandır Kievdə yerləşən Prezident qərargahındadır və gecələr onun üçün çox çətin keçir. Yatmazdan əvvəl əsasən telefonuna baxır, gün ərzində oxuya bilmədiyi mesajları gözdən keçirir ki, bu mesajların çoxunu həyat yoldaşı və övladları, məsləhətçiləri və komandirlər göndərir.
Bəzi gecələr isə heç yatmır. “Əgər yuxuya getsəm, nə olacaq? Hazırda hər an hər şey baş verə bilər” – deyə o, yuxusuz gecələrini izah edir. Ukrayna dövlət başçısı dünyada bir çox insanın müharibəni sosial mediadan izlədiyini söyləyib. “İnsanlar müharibəni İnstagramda, sosial mediadan görürlər. Darıxanda isə ekranı aşağı sürüşdürürlər” – deyə o bildirib.
Zelenski komediya aktyorluğundan qalan yumor hissinin onun ayaqda qalmaq səbəblərindən biri olduğunu vurğulayıb. Rusiyanın ölkəyə müdaxiləsinin ilk günlərində saat 05:00-da ölkə üzrə bütün əsgərlərdən vəziyyətlə bağlı hesabatlar alırdı. Kievdə Prezident sarayının yerləşdiyi Bankova küçəsinin ərazisi nəqliyyat vasitələrinin hərəkətinə qapalıdır. Buradan keçmək istəyən piyadalar isə əsgərlərə parolu deyərək keçir.